Radikal erməni diasporu Los Ancelesdə azərbaycanlı uşaqlara hücum edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Los Ancelesdə radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş manekenin edam edilməsini şərh edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu hadisə ilə bağlı KİV-dən daxil olan sualı cavablandıraraq qeyd edib ki, bu, kifayət qədər ciddi məsələdir:

“Bildiyiniz kimi, ilk dəfə deyil ki, radikal erməni qruplarının bu kimi nifrətə əsaslanan, hətta cinayət tərkibli əməlləri ilə üzləşirik. Xatırlatmaq istərdim ki, hələ ötən ilin iyul ayında yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarət yetirmişdilər. Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılıqla bağlı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırma başlatmışdı, bu zorakılıqda iştirak edən iki nəfər saxlanılsa da, bu prosesdə xüsusi fəallıq göstərmiş digər iki nəfərin axtarışı hələ də davam edir. Hadisədən 10 aya yaxın müddətin keçməsinə baxmayaraq, nifrət zəminində cinayətin törədilməsində şübhəli bilinən əsas şəxslərin tapılıb məsuliyyətə cəlb edilməməsi böyük təəssüf və təəccüb doğurur. Bununla bağlı tərəfimizdın qarşı tərəfə rəsmi narazılığımız bildirilib. Göründüyü kimi, məhz cəzasızlıq səbəbindən, Los Ancelesdə radikal ermənilərin nifrət zəminində cinayətlərinin növbəti təzahürünü görürük. Bu məsələ ilə bağlı ciddi narahatlığımız ABŞ-ın ölkəmizdəki səfirliyinə bir daha çatdırılacaqdır”.

Xatırladaq ki, bu günlərdə ABŞ Prezidenti Cpo Bayden erməni anım günü münasibətilə çıxış edib və bu çıxış Azərbsaycan və qardaş Türkiyə dövləti tərəfindın birmənalı şəkildə etirazla qarşılanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasının təəssüf doğurduğunu qeyd edib:

“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Leave a Reply