Hava şəraitində kəskin dəyişikliklər gözlənilir

Ölkə ərazisində dolu düşəcəyi və güclü küləyin əsəcəyi gözlənilir.

TIME Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən  23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim  cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 21-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  13-18, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Aprelin 21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.     

Leave a Reply