Ekoloqlar ölkədə gölməçələri təmizləyəcəklər, çaylara balıqlar buraxacaqlar – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində mühüm ekoloji problemlər müzakirə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov və Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Yaşıl Marafon” çərçivəsində həyata keçirilən ağacəkmə aksiyaları, meşə fondu torpaqlarının icarəyə verilməsi qaydaları və layihələrin qiymətləndirilməsində yaşıllıqların nəzərə alınması ilə bağlı sualları cavablandırıb.

Qeyd edilib ki, Azərbaycanın indiyə kimi ən başlıca problemlərindən biri tullantı sularının normal qaydalara uyğun idarə olunmamasıdır.

M. Qənbərov deyib ki, agentlik sədri bildirib ki, Bakı şəhərindəki kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib:

“Nəticədə toplanan tullantı sular bu və ya digər vasitələrlə Xəzər dənizinə istiqamətlənir. Bu problemin köklü surətdə həll olunması üçün investisiya qoyulmalı, problem bütün rayonlar üzrə təmin olunmalıdır. Bakı şəhəri və bütün rayonların tullantı sularının idarəolunması ilə bağlı master plan mövcuddur. 30-a qədər rayonda , insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana sistemi ilə birlikdə kanalizasiya sistemi qurulub, təmizləyici qurğular artıq fəaliyyət göstərir. Əlbəttə ki, bu yetərli deyil. Bakı şəhərində müxtəlif qəsəbələrdə kanalizasiya şəbəkəsinin olmaması göllərin əhatə dairəsinin artmasına, müəyyən mənada ətrafın çirklənməsinə, o cümlədən atmosferin, torpaqların çirklənməsinə səbəb olur”.

Ekspert bildirib ki, Abşeron yarımadasında irili-xırdalı, quruyan və mövcud olan 800-dən çox göl və gölməçə var:

“Bütün ərazilərdə yenidən monitorinq aparılıb, ilkin qiymətləndirmə hazırlanıb. Əsas məqsədimiz bu gölləri təmizləmək üçün sahibkarları, bu sahəyə marağı olan iş adamlarını həmin ərazilərdə müvafiq infrastruktur sahələrinin yaradılmasına cəlb etmək və proqramda nəzərdə tutulan göllərin təmizlənməsini həyata keçirməkdir. Hesab edirəm ki, yaxın zamanda göllərin təmizlənməsi işlərinin şahidi olacağıq”.

F. Əliyev deyib ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində olan çaylara və su hövzələrinə 6 milyon 300 min ədəd körpə balıq buraxacaq. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir:

“Artıq bu işlərə start verilib. Bunlardan 1 milyon 500 mini çəki balığı, 2 milyon 300 mini kütüm balığı, 1 milyonu ağ amur, 1 milyonu isə enli alın balığı olacaq. Bununla yanaşı, həmçinin Xıllı Balıqartırma Zavodu tərəfindən 550 min ədəd nərə balığının çaylara buraxılması nəzərdə tutulur. Artıq ilk olaraq Bəsitçay, Həkəri və Bərgüşad çaylarına balıq buraxılıb”.

Leave a Reply