“Qalib müəllim” müsabiqəsi elan edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:

– “Qalib əsgərin müəllimi” – şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;

– “Ön cəbhədə döyüşən müəllim” – Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

– Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;

– Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;

– İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir;

– Hər iştirakçı bir videohekayə göndərə bilər;

– Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

Leave a Reply Cancel reply