Müasir öyrənmə, öyrətmə və qiymətləndirmə modelləri

Melburn Universitetinin professoru və “Görünən öyrənmə” kitabı “Yeni çağırışlar” proqramında.

2 aprel saat 12:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, budəfəki buraxılışın qonağı Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Həttidir. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı izləyə bilərsiniz.

Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılacaq.

Con Həttinin bestseller sayılan “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalaşan kitab 3 yüz milyondan çox şagirdin qatıldığı 100 mindən çox tədqiqatı əhatə edir. Bu, dünyanın ən böyük tədqiqatı sayılır və dəyişiklik üçün məktəb modeli adlanır. Con Hətti 1000-dən çox elmi məqalənin müəllifi, 200 dissertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə, öyrətmə və qiymətləndirmə modellərini əks etdirir. O, həmçinin Hətti Ailə Fondunun prezidentidir.

Qeyd edək ki, “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu olub. “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un “Facebook” səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Leave a ReplyCancel reply