Azərbaycandakı dini konfessiya rəhbərləri beynəlxalq təşkilatlara müraciət ediblər

Azərbaycandakı dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciətdə Qafqaz Müsəlmanları İdarəsi  31 Mart – Azərbaycanlıların soyqırımı günü ərəfəsində dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək çatdırıb:

“XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma «Böyük Ermənistan» xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq yönündə atdıqları addımlar bu ərazilərdə tarixən yaşayan azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən Azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir.

Tarixi faktlar bundan ibarətdir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmiş, on minlərlə dinc insan qətlə yetirilmiş, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılmışdır. Təkcə Mart soyqırımı — 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində — Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. 1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən artıq azərbaycanlı soyqırıma məruz qalmış, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilmişdir; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, Şamaxının mərkəzi Cümə məscidinə od vurulmuş, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diri yandırılmışdır; Lənkəran qəzasında 2 min insan qətl edilmişdir;

1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistan ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin, yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırım tarixi sənədlərdə öz əksini tapmışdır. Belə ki, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülmüş; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilmiş və əhalisi soyqırıma məruz qalmışdır; Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilmiş; Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilmişdir;  Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlı öldürülmüş, 162 kənd dağıdılmış, 3 minə qədər yəhudi vəhşicəsinə qətlə yetirilmişdir”.

Müraciətdə eyni zamanda bildirilib ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada, Türküstanda da mövcud olmuşdur:

“Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı, 1988-1990-cı illərdə isə Ermənistanın digər ərazilərindəki ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.

Ötən əsrdə 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində təcavüz siyasətini davam etdirən Ermənistan dünya birliyi tərəfindən tanınan ərazilərimizin 20 faizini – Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğal etdilər, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları onların törətdikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun bölmələri Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməşi, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması ilə müşayiət olunmuş Xocalı faciəsi Holokost, Hernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıradadır və dünya tərəfindən  soyqırım kimi tanınmalıdır.

Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbirstanlıqlarımızı, İslam, xristian və yəhudi məbədlərini məhv etmiş, həqarətə məruz qoymuş, Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya sıradan çıxarmış, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirmiş – erməniləşdirmiş, qriqoryanlaşdırmışlar. Təkcə Qarabağ ərazisində fəaliyyətdə olan 67 məsciddən 64-ü Ermənistanın işğalı dövründə yerlə-yeksan edilmişdir. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi, kitabxanası abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddində və Azərbaycanın Qarabağ ərazilərində yeni hərbi təxribatlara başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdilər. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı Azərbaycan Prezidenti – Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı, öz Ordusunun gücü ilə 44 günlük Vətən Müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi, öz ərazi bütövlüyünü bərpa etdi. 

Biz, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında, Uca Yaradanımızın müqəddəs kitablarda bizlərə buyurduğu kimi, qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Azərbaycan dövlətinin siyasi xətti bundan ibarətdir ki, müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrıseçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsinə görə, bölgədə, Azərbaycanda bütün xalqlar, o cümlədən, erməni əsilli Azərbaycan vətəndaşları birlikdə, bərabər hüquqlarla mehriban qonşuluq şəraitində yaşamalıdırlar.

Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, müharibə deyil, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, xaricdəki erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hal-hazırda erməni terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob, faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar. Öz işğalçı niyyətlərini, özgə torpağına iddialarını ört-basdır etmək üçün iftira təbliğatlarını dini zəmində təəssübkeşlik üzərində quraraq özlərini dünyaya məzlum qurbanlar kimi təqdim edirlər.  Bir əlində xaç, bir əlində silah müharibə təbliğ edən, xalqını işğalçı müharibəyə, dinlərarası müstəvidə toqquşmaya sövq edən erməni kilsəsi öz məsuliyyətini, nəhayət, dərk etməlidir.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, Vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi-hüquqi qiymət verməyə, törədilmiş hadisələrin bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq”.

Müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr,  Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian icmasının rəhbəri Robert Mobili adından yayılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma