Çərəzlər hansı formada insan orqanizminə daha faydalıdır?

Çərəzlər zəngin tərkibi baxımından insan orqanizminin ehtiyacı olan gündəlik vitamin və mineral normasını qarşıladığı kimi, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.

TIME Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadən bildirir ki, çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər.

Qoz – yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi orqanizm üçün vacib komponentlərlə zəngindir. Orqanizmin ehtiyacı olan bitki tərkibli Omega – 3 yağ turşusunu təmin edən tək çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Damarların kirəcləşməsinin qarşısının alınmasına, xolesterol səviyyəsinin və qan şəkərinin stabilləşməsinə kömək edir. Tərkibindəki lif, protein sayəsində Alzheimer xəstəliyinin və şəkərli diabetin yaranmasını ləngidir. Stres və yuxu problemini aradan qaldırır. Eyni zamanda sümüklərin güclənməsini və dəri hüceyrələrinin daha cavan qalmasını təmin edir.

Fındığın tərkibi zülallarla, karbohidratlarla, doymamış yağlarla, E və B qrupu vitaminlərlə, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 %-i insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Fındıq orqanizm üçün olduqca faydalıdır. Belə ki, immun sistemini gücləndirir, sinir sisteminə faydalıdır, diabet riskini azaldır, eləcə də xərçəngə qarşı orqanizmi qoruyur. Fındıq bağırsaq üçün çox faydalıdır. Eyni zamanda tərkibində olan liflər və vitaminlər səbəbindən əzələləri gücləndirir, hüceyrələri yaşlanmaya qarşı qoruyur, toxluq hissini artırır. Fındığın tərkibi triptofan və izoleysin amin turşuları ilə zəngin olduğu üçün beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır.

Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla 2 növə bölünür. Şirin badam təzə halda yeyilir və qənnadı sənayesində geniş istifadə olunur. Acı badamdan isə ətriyyat, əczaçılıq sənayesində istifadə edilir. Son zamanlarda qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ istifadə edilir. Badam ürək-damar xəstəliklərinə qarşı olduqca faydalıdır, qan təzyiqini tənzimləyir, beyinin fəaliyyətini yaxşılaşdırır. Həmçinin qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac qarınına istehlakı tövsiyə olunur.

Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və protein baxımından olduqca zəngindir. Həzm prosesinin yaxşılaşmasında, qan təzyiqinin tənzimlənməsində, immun sistemin gücləndirilməsində, qanazlığı zamanı faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət  təsir etdiyindən uşaqlara da istehlakı tövsiyə olunur.

İydə və innabın da tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr vardır. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır.  Belə ki, iydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Onu, həmçinin diabet xəstələri üçün də məsləhət görürlər. İnnab sidikqovucu vasitə kimi böyrək xəstəliklərində, bəlğəm yumşaldıcı kimi tənəffüs orqanları xəstəliklərində faydalıdır. Uşaqların da qida rasionunda innabdan istifadə etmək tövsiyə olunur.

Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamağa kifayət edir. Miqdarına diqqət edilməklə günün hər saatında istehlak edilə bilər.

Çərəzləri alarkən onun xarici görünüşünə, həm də məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmamasının və sağlamlıq üçün təhlükəli olduğunun göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.

Çərəzləri düzgün şəraitdə saxlamadıqda Aspergillus flavus və Aspergillus parasiticus göbələklərinin ifraz etdiyi zəhərli toksin – aflatoksin yaranır. Qeyd edək ki, məhsulun üzərində aflatoksinin əlaməti olan kiflər pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir. Hətta məhsulun gözlə görünməyən dərin qatlarına qədər nüfuz edə bilir. Qeyd edək ki, kiflərin səbəb olduğu zəhərlənmələr qısa müddətdə öz əlamətlərini göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlak olunması sonralar orqanizmdə ciddi fəsadlara yol açır. Buna görə də kiflənmiş qidaların bir hissəsinin kəsilərək atılması, digər hissəsinin yeyilməsi belə məsləhət deyil. Bundan başqa, çərəzlər istehlak edilməmişdən əvvəl mütləq yaxşıca yuyulmalıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma