Azərbaycanda koronovirusun yeni ştamı və virusa qarşı kollektiv immunitetin qazanılması

Azərbaycanda koronovirusun yeni ştamı aşkar edilib.

Trend-in verdiyi məlumata əsasən, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Lakin qeyd edilir ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Bununla yanaşı, TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov bildirib ki, ölkəmizdə vaksinasiya tempi sürətlə gedir, yarım milyona qədər insan artıq vaksinasiya olunub. Ancaq bu proses daha da sürətləndirilməlidir ki, virusa qarşı kollektiv immunitet yaransın: “Son məqsədimiz əhalinin böyük əksəriyyətində immunitet yaratmaqdır. Əhalinin təqribən 60-70 faizində immunitet yaratsaq, bu pandemiya daha bizi narahat etməyəcək”.

Leave a Reply