Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi vəfat edib

Azərbaycan Mətbuat Şurası dövlət qəzetinin baş redaktorunun vəfatı ilə bağlı nekroloq yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nekroloqda müasir Azərbaycan jurnalistikanın görkəmli nümayəndəsi, “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əhmədov vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verildiyi qeyd edilib.

Əhmədov Teymur Əkbər oğlu 25 mart 1930-cu ildə Şəmkirdə anadan olub. 1936-cı ildə ailəsi vaxtilə deportasiya olunduğu İrəvana qayıdıb. O, Zəngibasar (Ermənistan Respublikasının Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirdikdən sonra 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb.

Teymur müəllimin jurnalistlik fəaliyyəti “Sovet Ermənistanı” qəzetində başlayıb. O, 1954-cü ildən 1958-ci ilədək burada müxtəlif vəzifələrdə çalışıb. 1961-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirant olub.

Aspiranturanı bitirdikdən sonra “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri kimi fəaliyyət göstərən T.Əhmədov 1968-ci ildən 1990-cı ilədək Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini, aparıcı elmi işçi olub.

Elmi fəaliyyəti ilə yanaşı aktiv ictimai mövqeyi ilə də seçilən tanınmış qələm sahibi xalqımızın taleyüklü dövrlərində – ötən əsrin 90-cı illərində “Vətən həsrəti”, “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru olaraq öz sözünü deyib, cəsarət nümayiş etdirib. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtmasının fəal təbliğatçılarından olub.

T.Əhmədov 1995-ci ildən bu günədək “Respublika” qəzetinin baş redaktoru kimi çalışıb. O, 2007-ci ildən başlayaraq Azərbaycan mətbuat tarixində dərin iz qoymuş “Füyuzat” jurnalının nəşrini həyata keçirib.

1996-cı ildən ömrünün sonunadək Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi də aktiv elmi fəaliyyətini davam etdirmiş dəyərli alimin yaradıcılığında Nəriman Nərimanov şəxsiyyəti müstəsna yer tutur. T.Əhmədov görkəmli ictimai-siyasi xadimin həyat yolunun öyrənilməsinə, ümumən onun irsinin yaşadılmasına böyük töhfələr verib. Təsadüfi deyil ki, müxtəlif illərdə “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik, “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə edib.

Çoxsaylı kitablar müəllifi olan “Şöhrət” ordenli jurnalist Teymur Əhmədovun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı, ictimai-siyasi mühitimizin zənginləşməsindəki, söz azadlığı dəyərlərinin möhkəmlənməsindəki, Azərbaycan elminin inkişafındakı xidmətləri danılmazdır.

Teymur Əhmədov müasir tariximizin əsl ziyalı-jurnalist obrazıdır. Belə bir dəyərli simanın, qələm sahibinin yoxluğu söz sənəti dünyamız, elmimiz üçün son dərəcə böyük itkidir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri olaraq bir daha mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini bölüşür, Uca Tanrıdan səbr diləyirik.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma