Balın keyfiyyətini necə yoxlamaq olar?

Təbii bal insan orqanizmi üçün qiymətli sayılan unikal qida maddələrinin mənbəyidir.

TIME Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadən bildirir ki, balın tərkibi vitamin kompleksi ilə (C, B qrupu, PP, K, E, biotin, karotin, fol turşusu və b.) zəngindir. Tərkibində 40-a yaxın makro- və mikroelementın (kalium, kalsium, fosfor, natrium, maqnezium, dəmir, kobalt, sink, silisium, xrom və b.) mövcudluğu balın həm də mineral mənbəyi olduğunu göstərir.

Monosaxaridləri çox olan balın qidalılığı yüksək olur. Tərkibində qlükoza çox olan bal tez, fruktoza çox olan bal isə gec xarlayır. Balın tərkibi coğrafi iqlim şəraitindən, bitki növündən, həmçinin mövsümdən asılı olaraq dəyişkən olur. Onun tərkibindəki amilolitik fermentlər 60-80° C-yə qədər qızdırıldıqda parçalanaraq inaktivləşir. Belə olduqda balın bakterisid təsiri və bioloji aktivliyi azalır. Odur ki, xarlamış balın əridilməsi zamanı onun 40-50°C-dən yuxarı temperaturda qızdırılması yolverilməzdir.

Bal növləri içərisində daha çox populyarlıq qazanan çiçək balıdır. Çiçək balı insan orqanizmində bütün müdafiə funksiyalarını səfərbər etməklə immun sistemini möhkəmləndirir. 

Ümumilikdə biogen stimulyatorlarla zəngin olan təbii bal bakterisid, antiseptik, iltihabəleyhinə, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, bu məhsul burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri və oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Bal kosmetik məqsədlər üçün də istifadə edilir.

Bal haqqında bəzi məlumatları bilmək maraqlıdır:

– Bir qaşıq balın toplanması üçün 200 arı gün ərzində durmadan nektar toplamalıdır;

– Balın hər damlasında orqanizm üçün vacib olan 70-ə qədər qidalı maddə vardır;

– Balı uzun müddət saxladıqda və ya çox qızdırdıqda tərkibindəki aktiv fermentlər və vitaminlər parçalanır;

– Balın tərkibində D vitamini (kalsiferol) aşkar edilməyib;

– Bal bakteriyaların inkişafının qarşısını alır və ibtidailəri məhv edir, maya və kif göbələklərinə isə təsir etmir;

– Balın yetişməsi dövrü 1 həftə çəkir ki, bu zaman tərkibindəki suyun miqdarı azalır;

– Balın xarlaması onun təbiiliyinə xələl gətirmir. Təmiz bal qaldıqca xarlayır;

– Bal optimal olaraq 5-10°C temperaturda quru yerdə saxlanmalıdır;

– 5 ildən çox saxlanan balın tərkibindəki diastaza fermenti parçalanaraq yox olur;

– Bal şüşə, taxta, saxsı, çini və keramika qablarda ağzı bağlı saxlandıqda keyfiyyətini və ətrini itirmir;

– Balın 100 qr-da 300-320 kkal enerji vardır.

Qeyd edək ki, təbii bala müdaxilə etməklə onu saxtalaşdırmaq mümkündür. Eləcə də bal mövsümündə arıların şəkər tozu, meyvə və ya tərəvəz şirələri ilə yemləndirilməsi ilə alınan məhsul təbii sayılmır. Balın saxta olması laborator müayinə üsulları əsasında dəqiq müəyyən edilə bilər. Ev şəraitində isə bir neçə sadə üsulla balın təbii və ya saxta olmasını müəyyənləşdirmək mümkündür. Məsələn, balı su ilə qarışdırıb üzərinə bir damcı yod əlavə edin. Əgər onun rəngi göyərərsə, bu, balın tərkibinə invert şəkərin (məsələn, şəkər tozunun) qatıldığını göstərir.  Həmçinin nəzərə alınmalıdır ki:

– Xalis balın üzərinə qaynar su əlavə etdikdə saxta baldan fərqli olaraq, tez dağılmır və suya tez qarışmır;

– Təmiz baldan hazırlanan şərbət bulanıq, saxta baldan hazırlanan isə əksinə, şəffaf olur;

– Maye şəklində olan balı qaşıqla götürdükdə nazik sap kimi uzanıb qırılmırsa, bu, onun təbiiliyini göstərir;

– Təbii bala kənar komponentlərin qatılması diastaza ədədinin azalmasına səbəb olur ki, bu da məhsulun saxtalaşdırılması hesab olunur. Nəzərə almaq lazımdır ki, diastaza fermenti saxta balın tərkibində çox az miqdarda və ya heç olmur.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, Ç. Süleymanova, K. Əliyeva tərəfindən hazırlanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma