Meyvə şirələrini hansı müddət ərzində içmək faydalıdır?

Məlumdur ki, təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak etdiyimiz və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.

TIME Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadən bildirir ki, meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir. Sağlamlıq üçün olduqca faydalı olan bu şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin isə öz faydası vardır. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Buna görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlandıqda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində bu vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.

Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanması düzgün deyil. Bu şəkildə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcəkdir. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanmış şüşə qablarda və soyuducuda saxlanmalıdır. Qoxusu və dadı dəyişmiş  meyvə şirələri istehlak edilməməlidir.

Meyvə yeməkdən zövq almırsınızsa, şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalana bilərsiniz. Həmçinin meyvələrin lətli hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə edə bilərsiniz ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.

Qeyd edək ki, şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlığımız üçün olduqca faydalıdır.  Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə bizi infeksion və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır.

Portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin mütəxəssislər tərəfindən orqanizmə daha faydalı olduğu bildirilir. Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə, üzüm şirəsinin A, B, C vitaminləri, kalium və dəmir mineralları ilə, qreypfrut şirəsinin C vitamini və lif ilə, alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə, nar şirəsinin A, C, E, B5 vitaminləri, kalsium, kalium və dəmir mineralları, albalı şirəsinin isə kalium mineralı və A vitamini ilə zəngin olduğu bildirilir.

Qeyd edək ki, bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını qarşılayır. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu  xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu da yuxusuzluğa səbəb ola bilər.

Üzüm şirəsi güclü antioksidant xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immun sistemini gücləndirir. A, B və C vitaminləri ilə zəngin olan üzüm şirəsi çox miqdarda kalium və dəmir ehtiva edir. Üzüm suyu immun sisteminə və ürək-damar sağlamlığına müsbət təsir göstərir, xolesterol və şəkəri tarazlaşdıraraq ürək sağlamlığını təmin edir.

Alma şirəsi kalium, maqnezium, kalsium və K vitaminini özündə ehtiva edir. Həmçinin C və E vitaminləri ilə zəngin olan alma şirəsi yaddaşı gücləndirir, stres və yaşlanmanın təsirlərini azaldır.

İmmun sistemini gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Sağlam qidalanmaq üçün qida rasionunda kifayət qədər meyvə olmasını təmin etmək, mövsümi meyvələrdən, eləcə də təzə sıxılmış meyvə şirələrindən istifadə etmək vacibdir. Müntəzəm olaraq meyvə şirələrini istehlak etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür.

Meyvənin keyfiyyəti hazırlanan şirənin də keyfiyyətinə böyük təsir göstərir. İstifadə olunan meyvə tam yetişməli, zədələnmiş və ya çürümüş olmamalıdır. Həmçinin şirə hazırlayarkən meyvənin axar suyun altında təmiz yuyulub, suyunun çəkilməsi şərtdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma