Salmonelyozdan necə qoruna bilərik?

Qida zəhərlənmələrinin əsas törədicilərindən biri salmonella qrupuna aid olan bakteriyalardır. Onlar əsasən heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə həmin məhsulların tərkibində geniş yayılır. Xüsusilə də bu quşçuluq məhsulları (quş əti, yumurta və s.) olur.

TIME Qida Təhlükəsizliyi İnstitutunun verdiyi məlumata istinadən bildirir ki, salmonelyoza yoluxmuş insanlarda xəstəlik nəticəsində baş verən intoksikasiyalar temperaturun yüksəlməsi, halsızlıq, iştahanın azalması, qusma, ishal və digər əlamətlərlə müşahidə edilir.

Ətraf mühitin müxtəlif amillərinə, o cümlədən aşağı temperaturun təsirinə qarşı davamlı olan salmonellalar xarici mühit şəraitində həyat fəaliyyətini uzun müddət (torpaqda 18 ay, suda 5 ay, ət və ət məhsullarında 6-12 ay, quş ətində 12 ay, süddə 3 həftə, yumurta qabığında 3 ay və s.) qoruyub saxlaya bilir. Hətta dondurulmuş və ya duzla konservləşdirilmiş heyvan mənşəli məhsulların tərkibində də salmonellalar uzun müddət sağ qalır. Buna baxmayaraq, birbaşa günəş şüalarının təsirindən salmonellalar 5-9 saat ərzində tələf olur. Dezinfeksiyaedici maddələr (2 %-li fenol məhlulu, 3 %-li natrium hidroksid məhlulu, 5 %-li aktiv xlor məhlulu, 3 %-li formaldehid məhlulu) salmonellaları 15-20 dəqiqə ərzində məhv edir.

Salmonellalar temperaturun 4-45°C və pH göstəricisinin 4,1-9,0  olduğu mühitdə  inkişaf edir, 35-37°C temperaturda və pH-ın 7,2-7,4 olduğu mühitdə bakteriyaların artıb çoxalması üçün münbit şərait yaradır. Lakin 60-75°C temperatura bu bakteriya davam gətirmir və 100°C-də 5-10 dəqiqə qaynadıldıqda bu bakteriyalar tələf olur. Qida zənciri boyunca rast gəlinən salmonellaların bir sıra növləri antibakterial preparatlara qarşı davamlılıq göstərir. Bu isə salmonelyoza yoluxan insanların müalicəsi zamanı effektiv antibiotiklərin seçimində böyük çətinliklər yaradır.

Salmonellalardan qorunmaq üçün aşağıda göstərilən tövsiyələrə əməl etmək lazımdır:

Heyvan mənşəli qida məhsullarının saxlanması, daşınması və realizasiyası dövründə baytarlıq-sanitariya qaydalarına riayət olunmalı;

  • Baytarlıq ekspertizasına cəlb olunmayan heyvan mənşəli qida məhsulları istehlak edilməməli;
  • Çiy və ya yarıbişmiş halda olan heyvan mənşəli qida məhsulları istehlak edilməməli;
  • Heyvan mənşəli qida məhsullarının soyuducuda saxlanması dövründə mal qonşuluğuna riayət edilməli;
  • Soyuducuda saxlanılan hazır qidaların yaxşı qızdırılmadan istehlakına yol verilməməli;
  • Çiy və bişirilmiş halda olan heyvan mənşəli qida məhsulları üçün istifadə olunan mətbəx əşyaları ayrı olmalı;
  • Şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, Ç. Süleymanova tərəfindən hazırlanıb.

Leave a Reply