Bakıda havanın temperaturu mənfi 4 dərəcəyədək düşəcək

Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində hava şəraiti kəskin dəyişəcək, şaxta olacaq və qar yağacaq.

Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.

Şimal-qərb küləyi əsəcək, 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənək. Çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı gözlənilir. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir.

Qərb küləyi əsəcək, 18-23, ayrı-ayrı yerlərdə 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, axşam isə qara keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa  yüksələcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.Fevralın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və şərq rayonlarından başlayaraq  yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 14-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. 

Tibbi-meteoroloji xəbərdarlıq:

Fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.

Leave a Reply