Ətraf mühitə ziyan vurmadan ov edək – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti ətraf mühitin qorunması və qanunsuz ov edən insanlarla mübarizə məsələləri ilə bağlı Facebook sosial şəbəkəsində açıqlamalar verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ətraf mühitin mühafizəsinə nəzarət”, “Ov məsələlərinin tənzimlənməsində müvafiq qayda və normalara əməl olunmasına nəzarət” kimi sualları cavablandırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, ötən il ətraf mühitə 4,5 milyon həddində ziyan dəyməsi ilə bağlı iddia qaldırılıb: “Həmin məbləğdən 3 milyon 100 mindən çoxunun ödənilməsi artıq təmin edilib. Çünki bəzən olur ki, iddialar qaldırılır, məhkəməyə göndərilir və ziyanın ödənilməsi baxımından müddət tələb edir”.

Ekspertin sözlərinə görə, son 4 ildə Azərbaycanda qanunsuz meşə qırılmalarının həcmi 5,5 dəfə, başqa sözlə, 45 min kubmetr azalıb.

H.Əlizadə qeyd edib ki, bu çox yaxşı göstəricidir: “2017-ci ilin qeydə alınmış qanunsuz meşə qırılmalarının həcmi 55 min kubmetr, 2018-ci 28 min kub metr olub. 2019-cu ildə bu göstərici 18 minə, 2020-ci ildə 10 min kub metrədək azalıb. Bəzən sosial şəbəkələrdə şəxsi ədavətə əsasən məlumatlar yerləşdirilir. Əlbəttə ki, biz müraciətlər əsasında preventiv tədbirlər həyata keçirə bilirik. Amma şəxsi ədavət üzərində qurulan məlumatlar bizim işimizi ləngidir, ona əlavə xərclər sərf edilir”.

Verilişdə ekspert, şəxsin öz həyətindəki ağacı kəsdiyi halda ona cərimənin tətbiq edilməsinin nə dərəcədə qanuna uyğun olduğunu izah edib: “Bu məsələ şəxsin həyətyanı sahəsinin torpağının kateqoriyasından asılıdır. Əgər həyətyanı sahə evin sənədində fərdi həyətyanı sahə kimi təsbit edilibsə və həmin sahə şəxsin adınadırsa, ağac kəsildikdə, yaxud onun yeri dəyişdirildikdə heç bir cərimə tətbiq edilmir”.

Daha sonra H. Əlizadə ov mövsumu ilə bağlı suallara aydınlıq gətirib. Belə ki, o, Azərbaycanda fevralın 28-də ov mövsümü başa çatacağını bildirib.

Ekspertin sözlərinə əsasən, pandemiya və Vətən müharibəsi səbəbindən ov mövsümü bir neçə dəfə dayandırılmışdı. Karantin qaydalarının yumşaldılması, ovla bağlı edilən müraciətlər əsasında yanvarın ortalarından ov mövsümü yenidən açılmışdı: “Lakin iki həftədən sonra ov mövsümü bitəcək. Ov mövsümü ilə bağlı yekun rəqəmlər mövsüm bağlandıqdan sonra veriləcək”.

O həmçinin qeyd edib ki, ov üçün istifadə olunan sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib.

Hikmət Əlizadənin sözlərinə görə, bəzi hallarda bu torlar ölkəyə qaçaqmal yolu ilə gətirilir:
“Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artrılımalıdır”.

Ekspert onuda qeyd edib ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər.

Qeyd edək ki, nazirliyin rəsmi məlumatına əsasən, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 05-14 fevral 2021-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Xaçmaz, Neftçala və Astara rayonları ərazisindəki su hövzələrində və Mingəcevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Xaçmaz rayon sakini Elman Vəlimətov, Neftçala rayon sakinləri Fazil Baloğlanov, Vüqar Eyvazov, Rövşən Məmmədov, Mətləb Bağırov, Balakən rayon sakini Nizami Gəncəyev, Zaqatala rayon sakini Adil Ağayev, Astara rayon sakini Kamran Əsədullayev və Mingəçevir şəhər sakini Emin Mustafayev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov qeyd edib ki, qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovu ilə məşğul olan Naxçıvan şəhər sakini Hüseyn Salayev, Yevlax rayon sakini İlqar Məmmədov, Abşeron rayon sakini Ərşad Əliyev, Sumqayıt şəhər sakini Zaur Şirinov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan Sabirabad rayon sakini Oktay Əliyev saxlanılıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır”.

Leave a Reply