Bu gün dünyanın aparıcı striminq xidmətlərindən biri olan Netflix, Azərbaycanın paytaxtı Bakıda çəkilən “Leyla və Məcnun” romantik dramının premyerasını edəcək.
TIME bildirir ki, çəkilişlər Bakıda baş versə də, filmin rejissoru İndoneziyalı Monti Tivoydur, ssenarisi isə Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında Alim Sudio tərəfindən müasir bir təfsirdə yazılıb. Film Azərbaycan üçün də aktualdır, çünki premyerası ölkəmizdə rəsmi olaraq Nizami ili elan olunan 2021-ci ildə baş tutacaq.
Azərbaycanda və İndoneziyada baş verən filmin səhnələrindən biri də Bakıda Nizaminin abidəsi önündə çəkilib.
Qeyd edək ki, bu, Azərbaycanda baş tutan ilk Netflix layihəsidir. Filmdə iş üçün Bakıya gələn və Samir adlı bir azərbaycanlıya aşiq olan İndoneziyalı müəllim Leylanın sevgi hekayəsi göstərilir. Filmdəki əsas qadın rolunu İndoneziyanın super ulduzu, aktrisa, model və müğənni Aça Septriasa (Leyla obrazı) oynayır. Əsas kişi obrazı isə İndoneziya seriallarının ən populyar aktyorlarından biri olan Reza Rahadian (Samir obrazı) tərəfindən yaradılıb.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Murad İsmayıl və aktrisa və teleaparıcı Aida Cəbiyeva da filmin çəkilişində iştirak etmək üçün dəvət alıblar.
“Leyla və Məcnun” filmini 11 fevral tarixində burada izləyə bilərsiniz.