Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Fevralın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.
Qeyd edək ki, Azərbaycanda fevral ayı üçün orta aylıq iqlim norması 3.9- 6.3 dərəcə isti olduğu üçün, hazırki hava şəraiti anomal sayıla bilər.
Tibbi-meteoroloji proqnoz:
Fevralın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.