Azərbaycanın su ehtiyatları necə idarə edilir? – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov ictimaiyyəti maraqlandıran aktual sualları cavablandırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, su ehtiyatlarının səmərəli idarə edilməsi tədbirləri, yerüstü və yeraltı su obyektlərinin mühafizəsi və onlara nəzarət, suların dövlət uçotu və su qanunvericiliyi, suya qənaət və alternativ su mənbələrindən istifadə kimi suallar nazirliyinin rəsmi Facebook səhifəsində cavablandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti bildirib ki, hazırda Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə bağlı məsələlərin həlli üçün Gürcüstan tərəfi ilə danışıqlar aparılır.

“Bu məsələ ilə bağlı Gürcüstanla saziş layihəsinin hazırlanması üzərində iş aparılır. Çalışırıq ki, saziş layihəsinin hazırlanması ilə bağlı Gürcüstanla apardığımız işləri yekunlaşdıraq və Türkiyə ilə əməkdaşlığımızı davam etdirək. Hazırda Mingəçevur Su Anbarında suyun səviyyəsi ötənilki səviyyədən 1 m 16 sm yüksəkdir. Keçən illə müqayisədə Mingəcevirdə suların nizamlanması çərçivəsində ona qənaət edilib. Yaxın aylarda – yazda Kürdə sululuğun artması gözlənilir. Bu da əlavə suyun yığılmasına imkan verəcək”.

Mütəllim Əbdülhəsənov onuda qeyd edib ki, çay sularından icazəsiz istifadə halları müşahidə edilir:

“Qanunsuz qoşulmalar uzun illər nazirliyi narahat edən əsas məsələlərdən biri olub. Ötən il fiziki və hüquqi şəxslər tərəfindən 1000-ə yaxın qanunsuz qoşulma halı aşkarlanıb. Bu halların hamısı sənədləşdirildi. Bu sulardan istifadə edənlərə məcburi göstərişlər verildi. İcazəsiz qoşulmalar su balansının idarəolunmasında da problemlər və su çatışmazlığı yaradır. Buna görə də belə hallara yol vermək olmaz”.

Ekspertin sözlərinə əsasən, Azərbaycanda quraşdırılan sutəmizlyici qurğuların gələcək fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanıb:

“Azərbaycanda 460-a yaxın kənd və qəsəbədə sutəmizləyici qurğu quraşdırılıb. Bu qurğular su çatışmazlığı müşahidə edilən müxtəlif ərazilərdə quraşdırılıb. Onların əksəriyyəti bu gün də fəaliyyətdədir. Bəzi rayonlarda müəyyən səbəblərdən onların işləməməsi halları müşahidə edilir, lakin bu hallar vaxtında aradan qaldırılır. Yerlərdə mərkəzləşdirilmiş su təchizatı olduqdan sonra bu qurğuların istifadəsi yavaş-yavaş mərkəzləşdiriləcək və bu qurğular kəndlərdən yığışdırılacaq. Bu ilin və gələn ilin planında artıq bunlar təsbit olunub”.

M.Əbdülhəsənov qeyd edib ki, bu qurğuların gələcək fəaliyyəti ilə bağlı ”Azərsu” ASC, ETSN və Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb:

“Tədbirlər planı yaxın günlərdə hökumətə təqdim olunacaq. Bu qurğular harada işləmirsə, onlar yeniləri ilə əvəz olunacaq, ehtiyac olmayan, mərkəzləşdirilmiş su təchizatı olan yerlərdən qurğular götürüləcək və daha zəruri olan digər yerlərdə quraşdırılacaq”.

Leave a Reply