Bu il buraxılış və qəbul imtahanları necə keçiriləcək? -VİDEO

29 yanvar 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək imtahanlarla əlaqədar mətbuat konfransı keçirib.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, konfransdan öncə 2020-ci il COVID-19 pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlara həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən sədr qeyd edib ki, bizim ölkəmiz üçün 2020-ci ilin sonu möhtəşəm hadisə, əzəmətli zəfərlə yadda qaldı: “Bu zəfər sonsuz sevinc və iftixar hissi keçirmiş Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə yazıldı. Böyük iftixar hissi ilə deyə bilərik ki, Qarabağın azad olunması uğrunda aparılmış möhtəşəm əks-hücum əməliyyatı, Azərbaycan xalqının şücaət və qəhrəmanlığı, sarsılmaz birliyi, ölkəmizin Ali Baş Komandanının incə, uğurlu diplomatiyası, qüsursuz strategiyası uzun müddət dünyada öyrəniləcək və bir çox tarix kitablarına düşəcək.

COVID-19 pandemiyasına görə 2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır.

Ümid edirəm ki, az öncə təqdim olunan videoçarx pandemiya şəraitində keçirilən imtahanlarla bağlı sizdə əyani təsəvvür yaratdı”.

Sədr bildirib ki, 2020-ci il ərzində keçirilən imtahanlarda 400 minə yaxın adam iştirak edib. 18 elektron xidmətimizdən 7 milyon dəfə istifadə olunub.

DİM tərəfindən keçirilən bütün imtahanlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Operativ Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunub.

2021-ci ildə keçiriləcək imtahanlar barədə məlumat verən M.Abbaszadə qeyd edib ki, ötən il olduğu kimi bu il də imtahan binaları dezinfeksiya olunacaq, binalarda say həddinə və sosial məsafəyə riayət ediləcək, imtahan iştirakçıları imtahan zallarında hər partada bir nəfər olmaqla əyləşdiriləcək, binalarda dezinfeksiyaedici məhlul, əlcək, tibbi maskadan istifadə ediləcək.

2021-ci ilin fevral-sentyabr aylarında keçirilməsi nəzərdə tutulan imtahanların siyahısı sizə təqdim olunub.

M. Abbaszadə qeyd edib ki, imtahan tarixləri bu görüşdən dərhal sonra DİM-in saytına yerləşdiriləcək (qrafiklə buradan tanış ola bilərsiniz):

“Hələ ki, fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların konkret tarixlərini göstərmişik. Digər aylarda isə hansı imtahanların keçirilməsi planlaşdırılır – onları qeyd etmişik. Çalışacağıq ki, 1 ay öncədən növbəti ay üçün nəzərdə tutulan imtahanların tarixlərini elan edək.

Əvvəlki görüşümüzdə də dediyim kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq. Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq.

Bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıram ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.

İmtahanlarının nəticələri barədə sədr bildirib ki, son illər biz buraxılış və qəbul imtahanlarının nəticələri ilə əlaqədar qismən də olsa, inkişaf tendensiyasını müşahidə etməkdəyik.

“Tədris prosesinin ənənəvi qaydada aparılmaması, eləcə də təlim-tərbiyə prosesində yaranan digər çətinliklərə rəğmən 2020-ci ildəki imtahanların nəticələrinin ötən illərlə müqayisədə bir-birinə yaxın olması imtahanlardan öncə atılan qabaqlayıcı addımlarla əlaqələndirilməlidir.

Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Biz qəbul proqramını və imtahanın məzmununu iştirakçıların bilik səviyyəsinə adekvat şəkildə müəyyən etməyi qarşımıza məqsəd qoymuşduq. Bu həddən artıq mürəkkəb məsələdir. Qəbul proqramının və imtahanın məzmununun müəyyən hədd çərçivəsində sadələşdirilməsi, imtahan suallarının təqdim edilmə formasında edilən dəyişikliklər, tapşırıqların növlərinin nisbətinin müəyyən edilməsi və digər məsələlər ciddi araşdırma tələb edir. 2020-ci ildə keçirilən imtahanların nəticələrinə baxdıqda və ötən illərlə müqayisə etdikdə deyə bilərəm ki, biz iştirakçıların mövcud səviyyəsinə uyğun qəbul modelini tətbiq etmişik və məqsədimizə nail ola bilmişik.

Ancaq biz hansısa güzəşt edəndə, nəyisə sadələşdirəndə unutmamalıyıq ki, ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, onun rəqabətqabiliyyətli olması və hər bir təhsilalanın müasir bilik, bacarıq və vərdişlərə yiyələnməsinin təmin edilməsi təhsil sistemimizin başlıca vəzifəsi kimi irəli sürülüb.

Hər hansı güzəşt ümumilikdə bizi geri salmamalıdır. Bu, müasir dünyada gedən rəqabət və informasiya cəmiyyəti quruculuğu proseslərində yüksək peşəkarlıqla çalışa biləcək mütəxəssislərin yetişdirilməsi üçün çox vacibdir. Ona görə də ehtiyatlı olmaq lazımdır”.

Buraxılış və qəbul imtahanı proqramları haqqında bildirilib ki, 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib.

9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

“Bilirsiniz ki, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır).

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən  Azərbaycan dili (dövlət dili kimi) fənni  imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur.

Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları da sadələşdirilib. Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb”.

Məlum olduğu kimi, fənn kurikulumunun tələbi olaraq orta təhsil müəssisələrində hər hansı fənn üzrə müvafiq bilik və bacarıqlar 1-ci sinifdən 11‑ci sinfə qədər məzmun xətləri üzrə sadədən mürəkkəbə doğru tədris olunur. Belə ki, şagird bəzi mövzularla aşağı siniflərdə daha sadə şəkildə tanış olursa, bu mövzular üzrə bilik və bacarıqlar təhsilin yuxarı pillələrində müxtəlif tədris vasitələri ilə daha da təkmilləşdirilir. Beləliklə, hər hansı mövzu haqqında ibtidai, orta və yuxarı səviyyəli məlumatlar aşağı sinifdən başlayaraq, yuxarı sinif dərsliklərinə qədər tədricən müvafiq səviyyələrdə ehtiva olunur. Buna görə də şagird sonrakı sinif dərsliklərindən istifadə edənə qədər əvvəlki dərsliklər əsasında mövzu barədə müəyyən hazırlığa malik olur.

“COVID-19 pandemiyası 2020/2021-ci tədris ilində bəzi mövzuların mənimsədilməsində çətinliklər yaradıb. Karantin dövrünə təsadüf etdiyindən fənlər üzrə bəzi mövzuların tədrisi qənaətbəxş olmayıb. Lakin bu o demək deyil ki, həmin mövzulardan ümumiyyətlə sual salınmamalıdır. Azərbaycan dili ilə bağlı bir nümunəyə baxaq. 11-ci sinifdə tədris olunan dilçiliyin önəmli bölmələrindən olan “Üslubiyyat” üzrə bilik və bacarıqların təməli, əsasən, aşağı siniflərdə qoyulur, şagird bu bölmədəki əksər mövzular üzrə kifayət qədər məlumatla tanış olur. Buna görə də şagirdin bölmədəki bəzi mövzular üzrə tapşırıqları təhsilin aşağı pillələrində mənimsədiyi bilik və bacarıqlar əsasında cavablandırması mümkündür.

Məsələn elmi üslub haqqında məlumat həm 10-cu, həm də 11-ci sinif “Azərbaycan dili” dərsliklərində verilir. 11-ci sinifdə bu mövzunun tədrisi karantin dövrünə təsadüf etsə də, mövzu üzrə müəyyən tapşırıqlar 10-cu sinifdə mənimsədilmiş bilik və bacarıqlara əsasən cavablandırıla bilər. Burada hər hansı problem yoxdur”.

Qeyd edək ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcəkdir. Bilirsiniz ki, “müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcəkdir”.

Konfransın sonunda M. Abbaszadə COVID-19 pandemiyası dövründə DİM tərəfindən şagirdlərə və abituriyentlərə metodik kömək məqsədilə hazırlanmış aşağıdakı materiallar haqqında məlumat verib:

–      DİM-in “Youtube” kanalında qəbul proqramlarının mövzularına dair 152 videomühazirə yerləşdirilib. Baxış sayı 39205-dir.

–      4-11-ci sinif dərsliklərinin hər bir tədris vahidi (8 800 tapşırıq), hər bir mövzusu (28 535 tapşırıq) üzrə onlayn sınaq variantları, eləcə də buraxılış və qəbul imtahanlarında tətbiq edilən tapşırıq modellərinə uyğun 3 (hər biri 1 variant olmaqla) onlayn sınaq variantları hazırlanıb və otk.az portalına yerləşdirilib.

–      Xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci il mart-iyul aylarında ödənişsiz edilib. Portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 40 minə yaxın istifadəçi tərəfindən 131107 yazılış qeydə alınıb.

–      5-7-ci sinif dərslikləri əsasında hazırlanmış 296 (cəmi 564 dərs)   vizuallaşdırılmış dərs DİM-in “Youtube” kanalında yerləşdirilib. Baxış sayı 388955-dir.

–      1-11-ci sinif dərslikləri əsasında 126 adda “Qiymətləndirmə tapşırıqları” kitabçaları müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla yenidən işlənib hazırlanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma