Təhsil Nazirliyi jurnalistlər üçün seminar keçirir- Canlı Yayım

Azərbaycan Təhsil Nazirliyi “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda media nümayəndələri üçün videoformatda seminar keçirilir.

TIME bildirir ki, tədbirdə Azərbaycan Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bu sahədə dünya təcrübəsi haqda bəhs edir.  

Tədbirdə ekspertlər jurnalistlərdən fikirlərini düzgün ifadə etməyi, təhsil sahəsində azərbaycanlı müəllimlərin tarixən nümayiş etdikləri uğurlu təcrübələr haqda yazılar yazmağı, terminlər istifadə etdikdə diqqətli olmağa çağırıb.

Vəfa Yaqublu qeyd edib ki, orta məktəblərdə keçirilən qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil, bunlar fərqli anlayışlardır, bu ifadələr işlədilərkən buna diqqət yetirilməlidir: “Kimin günahıdır bilmirəm, bəlkə də müəllimlərin üzündən şagirdlər imtahana stress kimi baxırlar. Biz imtahan sözündən imtina etmişik, qiymətləndirmə işlədirik. Biz öyrəndiklərimizi qiymətləndirməliyik. Bunun üçün məktəblərdə qiymətləndirmələr keçirilir”

Mehriban Vəliyeva öz növbəsində bildirib ki, təhsil prosesinin ənənəvi şəkildə bərpasına hazırlıq işləri aparılır. Belə ki, artıq məktəb binalarının dezinfeksiyasını həyata keçirir və istilik sistemlərinin monitorinqini aparır ki, məktəblilər fevralın 1-də ənənəvi formatda dərsə qoşulduqda problemlər yaşanmasın: “İstiliklə bağlı aparılan monitorinqlər zamanı məktəblərin təhsilə hazır olduğu məlum olub. Hazırda məktəblərdə mövcud olan cari problemlərin həlli üçün iş aparılır”.

Vəfa Yaqublunun sözlərinə görə, siniflərdə şagird sıxlığı az olsa belə, Bakı, Sumqaıt və Abşeronda fevralın 1-dən ibtidai sinif şagirdləri üçün dərslər həftədə 3 dəfə olacaq: “Bölgələrdə siniflərdə şagird sayı çoxdursa, o halda sinif iki qrupa bölünəcək. Sinif şagirdlərinin sayı hər partada bir nəfərin oturmasına imkan verirsə, həmin siniflər məktəbə 5 dəfə gedə biləcəklər. Məktəblərdə qaydalara əməl edilmə vəziyyətinin öyrənilməsi üçün daimi monitorinq aparılacaq. Hazırda paytaxtdakı 108 məktəbdə “Məktəblinin dostu” fəaliyyət göstərir: Onlar da məktəblərimizə və şagirdlərimizə dəstək olacaqlar”.

Nazirliyin rəsmisi onuda qeyd edib ki, fevralın 1-dən tədris qismən bərpa edildikdən sonra sinif üzrə yoluxma halı baş verərsə, onun miqyasından asılı olaraq, tədbirlər görüləcək: “Bununla bağlı normativlər var. Sinif üzrə yoluxma olduqda sinif, məktəb üzrə yoluxma zamanı məktəb distant formaya keçəcək”.

V. Yaqublu onuda bildirib ki, hibrid dərs forması tətbiq edildiyi zaman müəllimlərin dərs saatlarında heç bir izafi yük yaranmayacaq: “Müəllimin nə qədər dərs yükü varsa, o, iki qrup arasında bölünəcək. Bu halda sual yaranır kı, uşaqlar onda az dərs saatı alırlar. Hesab edirik ki, yerdə qalan saatı teledərslə kompensasiya etmək olar”.

Mehriban Vəliyevə qiymətləndirmə prosesi haqda danışaraq qeyd edib ki, qiymətləndirmə prosesində təkcə təhsil müəssisəsi və müəllim deyil şagird və valideyndə aktiv iştirak etməlidir ki, fərdi hallar bütün görülən müsbət nəticələrə kölgə salmasın:”Valideyin neqativ hallara, uşağın cavabları köçürməsinə yol verirsə, o öz övladının uğurlarına xətt çəkir və uşağına nadürüstlük dərsi keçir”.

Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblərin 15 günlük açılması barədə yayılan məlumatlarada münasibət bildirib. Belə ki, V. Yaqublu qeyd edib ki, hazırda COVİD-19-a yoluxma vəziyyətində hər 14 gün sonra açılmanın yoluxma sayının artmasına səbəb olub olmadığı məlum olur: “Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, biz açılmaya davam edəcəyik”.

Seminarın sual-cavab sessiyasında Vətən müharibəsi zamanı Gəncəyə atılan raket atəşləri nəticəsində dağıdılan məktəblərdə tədrisin necə davam edəcəyi açıqlanıb.

Bununla bağlı Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, raket atəşləri nəticəsində Gəncədə ümumilikdə 9 məktəbə ziyan dəyib: “Şəhərdəki 4 və 29 saylı məktəblərə ciddi ziyan dəyib. 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdə olduğu üçün təmir ediləcək. Məktəbin digər korpuslarında isə tədris davam etidiriləcək. 29 nömrəli məktəb köhnə olduğu üçün terror aktı nəticəsində ora ciddi ziyan dəyib. Həmin məktəbdə tədris dayandırlıb. Məktəbin 929 şagirdi yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə tədrisini davam etdirəcək. 7 məktəbin bir neçəsinin pəncərə və çərçivələrinin təmiri bitib, bir neçəsinin təmiri üçün də iş aparılır. Bunlar da fevralın 1-ə qədər tam təmir olunub istifadəyə veriləcək”.

Leave a Reply