Azərbaycan Təhsil Nazirliyi ödənişli təhsil sistemini ləğv etmək niyyətində deyil.
TIME bildirir ki, Təhsil naziri Emin Əmrullayev bu günkü brifinqdə deyib ki, bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və təhsil haqlarının hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir: “Əgər biz həmin sistemə keçsək, bu, o, deməkdir ki, rəqabət şəraitindən imtina edirik. Ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır. Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur. Amma təhsil haqqı problemi olan tələbələrimiz də var”
Nazir qeyd edib ki, ölkədə təhsil haqqı vergi güzəştlərinin tətbiqi nəticəsində xeyli aşağıdır. Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional təhsil müəssisələrində bu məbləğ daha da aşağıdır.
Nazirlik problemin həllini təhsil kreditlərinin iki qrup üzrə ayrılmasında görür: “Birinci qrupda təhsil kreditinin daha aşağı sosial vəziyyəti olan şəxslərə faizsiz, ikinci qrupda kreditlərin bacarığa görə verilməsi nəzərdə tutulur”, – deyə E. Əmrullayev bildirib.