Polietilen torbaların idxalı dayandırılır

Dövlət Gömrük Komitəsi 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalını dayandırır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeyd edilən tədbirlər 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağası çərçivəsində həyata keçirilir.

Dövlət Gömrük Komitəsi bu qəbildən olan məhsulların idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb. Qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində qanuna müvafiq tədbirlərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.

Xatırladaq ki, bir müddət öncə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə həyata keçirdiyi maarifləndirmə işləri haqda məqalə hazırlamışdıq və polietilen torbaların və plastik qabların ziyanı və əvəz etmək imkanları haqda bəhs etmişdik.

Leave a Reply