“Azərişıq” ASC “Azərişıq Qarabağda” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması istiqamətində işlər aparır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkələrindı yaranmış qəzaların aradan qaldırılması və bərpa işlərini həyata keçirir və artıq Şuşa şəhəri elektrik enerjisi ilə təmin edilib.
Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiqi etməklə 110/35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirləri həyata keçirilir.
Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün lazım olan bütün imkanlardan istifadə etməklə “Azərişıq” ASC bu işin də öhdəsindən layiqincə gələcək.