Bloggerlər əsrində aktuallığını itirən media nə etməlidir?

Son günlər Azərbaycan kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun şəkildə  fəaliyyəti və maliyyələşməsi məsələsi gündəmdədir və geniş müzakirə olunur.

Bu sahənin də digər sahələr kimi müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərməsi üçün artıq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Bu sahədə artıq 25 il şalısan bir jurnalist kimi illər boyu müşahidə etdiyim və dəyişməyən faktorlardan söz açmaq istərdim, çünki məhz bu faktorlar hazırda ölkə mediasını müəyyən şüuraltı çərçivədə saxlayır və gələcəkdə beynəlxalq səviyyədə dövlətimizin marağında olan məlumatların düzgün formada dünya ictimaiyyətinə çatdırılmasına maneə törədəcək.

İlk növbədə hər bir sahədə olduğu kimi bu sahədə də media qurumunun hansı mənbələrdən maliyyələşdiyi böyük önəm daşıyır və bu amil növbəti mərhələdə daha da böyük önəm daşıyacaq, çünki KİV-in dünya səviyyəsində tanınması üçün artıq mütləq şərtə çevrilmiş beynəlxalq səviyyəli sosial şəbəkələr artıq dövlət tərəfindən maliyyələşən media qurumlarının məlumatlarına qeyri-obyektiv məlumat kimi qiymətləndirəcəklər. Burada hər hansı cəbhəyə aid olan mütəxəssislər müxtəlif fikirlər söyləyə və arqumentlər gətirə bilərlər, lakin bunun o gədərdə böyük təsiri olmayacaq, çünki bütün dünyaya məlumdur ki, media qurumu dəstəkləndiyi qurumun mənafeyinə zidd hər hansı məlumatın işıq üzü görməsinə imkan verməyəcək, hətta bunu etsə belə sonda bu “səhvini” düzəltməli olacaq, düzəltməsə isə bu mənbəni itirmiş olacaq.     

Azərbaycana gəldikdə vəziyyəti daha da çətinləşdirən faktor odur ki, dövlət dəstəyini itirmiş media qurumu bir çox halda özəl sektor tərəfindən də o qədərdə həvəslə dəstəklənmir, ilk növbədə ona görə ki, bu qurumun reytinqi, sosial şəbəkələrdə ödənişli paylaşımların azalması nəticəsində artıq düşmək üzrə olur, digər tərəfdən də özəl qurumlar siyasiləşmiş və ya kriminallaşmış media qurumu ilə əməkdaşlıq etməkdə o gədərdə maraqlı deyillər. Medianın isə əsası onun neytral və bitərəf olmasıdır, hər bir hadisəyə ilk növbədə qərəzsiz, daha sonra isə global nöqteyi nəzərdən baxmaq imkanına malik olmasıdır.

Digər tərəfdən özəl şirkətlərdə tanınmış və dövlət tərəfindən dəstək alan saytlarda və nəşrlərdə məlumatlarını yerləşdirməyi imic nöqteyi nəzərindən önəmli hesab edirlər və hər hansı yeni və ya digər media qurumu onlara müraciət etdikdə bunu açıq deyirlər. Nəticədə məzmunu ilə seçilən, maraqlı bir media qurumu bu bazarda öz hesabına çabalamaqdan bezib fəaliyyətini dayandırır və ya digər çıxış yolları tapır.

Digər tərəfdən, məsləkdaşlarıma gəldikdə deməliyəm ki, onlar operativliyi qorumaq naminə bəzi hallarda keyfiyyəti heç ikinci yerə belə qoymurlar və, inciməsinlər, bəzi hallarda sistematik olaraq gündəlik press relizləri yerləşdirən botdan seçilmirlər.

Hər jurnalistin və media qurumun özünə məxsus dəsti xətti olmalıdır və bir oxucu kimi deyirəm ki, oxucu məhz ona yaxın olan məlumatı təqdim etmək tərzinə görə bu və ya digər sayta daha çox üstünlük verir. Bu gün isə, acı da olsa qəbul etməliyik ki, bir saytı digərindən fərqləndirən yazıları öndə gedən internet resurslarımız sırasında görə bilmirik, əksər hallarda onlar bir-birini bir neçə saniyə, dəqiqə və saat fərqi ilə təkrarlayırlar.

Əlbəttə ki, bəllidir ki, onların hamısı eyni press relizi alırlar və onu təhrif etmədən yerləşdirməlidirlər, lakin onlar bu məlumatı bir jurnalist kimi nəzərdən keçirib yaranan sualların cavablarını axtara bilərlər, sosial şəbəkələrdə xəbərə olan reaksiyanı nəzərə alaraq təhlil edə bilərlər, dünya təcrübəsindən bəzi analogiyalar gətirə bilərlər, amma bir çox hallarda şablon xəbər yerləşdirməkdən başqa heçnə etmirlər.

Daha bir məsələ illər boyu gündəmdədir – bu oxucu marağı ardınca qaçan media qurumlarıdır. Məhz bu media qurumlarında ağıla sığmaz, tükürpərdici başlıqlar, yazılar və foto-video materiallarla rastlaşırıq.  Bu qurumlar əhalinin beyninə yeritdikləri səviyyəsizlikləri oxucunun məhz bu mövzulara maraq göstərdiyi ilə izah edirlər.

Bəllidir ki, oxucu kütləsinin böyük bir hissəsinin intellektual səviyyəsi o qədərdə yüksək deyil və bəzi hallarda bu heç intellektual səviyyədən irəli gələn bir seçim olmur, sadəcə beyin ciddi xəbərdən yorulur və gözlər maraqlı və əyləncəli bir material axtarır ki oxusun. Bu məqamda medianın boynuna kompüter, smartfon və planşet arxasında olan oxucuya onun marağına səbəb ola biləcək, maarifləndirici, yüngül, faydalı və ya əyləncəli bir məlumat təqdim etmək düşür və burada redaktorun seçiminin böyük önəmi var, çünki jurnalist təmbəllik və səhv edə bilər, iş olan yerdə səhvdə olar, lakin redaktorlar vaxtında reaksiya verməlidirlər. Bu hansı məlumat ola bilər sualına cavabı isə insan psixologiyası ilə bağlı ümumiləşdirilmiş bir anlayış nümayiş edərək və sosial araşdırmaların nəticələrinə nəzər yetirərək vermək olar.

Media ən aşağı intellektual səviyyədə olan oxucuya ən mürəkkəb məsələləri sadə dillə çatdırmalıdır və oxucunun səviyyəsini maarifləndirərək qaldırmalıdır. Media “oxucu bunu tələb edir” deyərək dalanda divar yazısı səviyyəsinə düşməməlidir.


Daha bir ümdə məsələ son zamanlar Youtube-da və sosial şəbəkələrdə məlumatları təhrif edərək əhaliyə çatdıran, təhqirlə dolu video çarxlardır. Burada biz səhvi həmin “bloggerlərdə” deyil media qurumlarında axtarmalıyıq, çünki “bloggerlər” boş olan meydanı tutublar. Peşəkar media qurumları sosial mediada öz fəaliyyətlərini zamanında yetərincə geniş təqdim etmədiklərinə görə onlar bu meydanı və oxucu kütləsini “bloggerlərə” qazandırıblar.

Bloggerlərin fəaliyyətinə və əhaliyə dürüst məlumatların çatdırılması məsələlərinə gəldikdə, bəzi peşəkar media qurumlarının nümayəndələrinin bloggerlərin peşəkar media ilə bir səviyyəyə qoyulmasının mümkünsüz olması ilə bağlı çıxışlarına deməliyəm ki, Rusiya və Ukrayna blogger-jurnalistləri Maksim Şevçenko, Yuriy Dud, Dmitriy Qordon, Türkiyə bloggerləri Mutlu Tokyürek, Ruhi Çenet, Qazaxıstanın politoloq –bloggerləri  Kuanış Edilxanov, Almaz Altay, Ashat Kasenqali, Baurjan Serikbayev, Aman Mambetaliyev ilk ağlıma gələn uğurlu fəaliyyət göstərən bloggerlərdir bu insanlar yetərincə peşəkar bloggerlərdir və onlar bir çox jurnalistdən daha yüksəkdədirlər, çünki onların böyük komandaları yoxdur, bir çox hallarda tek başlarına cəmiyyət üçün önəmli olan məsələlərə öz vicdanları, insanların və Vətənlərinin  xeyri prizmasından baxırlar və bütün dünyaya göstərirlər. Bu da nəticə olaraq müasir dövrdə bloggerlərin vacib məlumatların əhaliyə düzgün formada təqdim etməsində böyük və artan rolu olduğunun göstəricisidir. Əslində, hər bir jurnalist potensial bloggerdir, təbii ki, bunun üçün texnoloji yeniliklərdən yetərincə anlayışı və ya ona kömək edən texniki mütəxəssisi varsa.  

Problemlərimiz və həll olunması gərəkən məsələrimiz çoxdur, və onların əsası təkcə maliyyələşmədə deyil, lakin dürüst və obyektiv olsaq, tənqidi təhlil edərək nəticə çıxarmaq qədər böyüklüyə sahib olsaq  onların üstəsindən gəlmək iqtidarındayıq.          

Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma