Azərbaycanda məhəllə tipli kompakt yaşam təcrübəsi və xarici analoqlar – FOTO

Müxtəlif kiçik etnik qrupların yaşadığı şəhər və regionlarda hər bir icmanın bir ərazidə kompakt şəkildə toplaşıb yaşamasının bəzi hallarda sülh şəraitində nizamlı həyat tərzinin yaradılmasında böyük əhəmiyyəti var.

TIME-ın kiçik araşdırması nəticəsində müəyyən edilib ki, Amerika Birləşmiş Ştatlarının tarixinə nəzər salsaq, xüsusən də Nyu-York şəhərinin düzəninə, görərik ki, müxtəlif ölkələrdən emiqrasiya edən etnik qruplar şəhərin ayrı-ayrı hissələrində məhəllələrdə yaşayırlar, özlərinə məxsus ticarət şəbəkələri, mədəniyyət ocaqları, kafe və restoranları var. Bu onlara müəyyən mərhələdə bir-birlərini dəstəkləməyə, təhlükəsizliklərini təmin etməyə kömək edir daha sonra isə onlar digər icmalarla inteqrasiya etməyə hazır olurlar.

New York 5 bölgədən ibarətdir: Bronx, Queens, Brooklyn, Staten Island və Manhattan. Bölgələrin hər biri özünəməxsus şəkildə maraqlıdır və rənginə görə fərqlənir. Sahələr baxımından ən böyük sahə Queens, ən kiçik bölgə isə Manhattan. Hər bir rayon Kiçik İtaliya, Çin Şəhərciyi və s. kiçik məhəllələrə bölünür və hər birinin şəhərin təkrarolunmaz ahəngində xüsusi bir yeri var.

 Azərbaycana gəldikdə isə, deyə bilərik ki, məcburi köçkünlərimiz də bir çox hallarda, maliyyə vəziyyətlərini qaydaya saldıqlarında çalışıblar Bakıda belə bir ərazidə məskunlaşsınlar, özlərinə yeni evlər tikiblər, ticarət və s. sahibkarlıq növləri ilə məşğul olmağa nail olublar və bu çox gözəl bir təcrübədir, hansı ki, bizim bir çox regionlarımızda tarixən münaqişəyə meylli müxtəlif etnik və ya dini qrupların sülh şəraitində birgə yaşamaları üçün istifadə edilib.

Misal kimi, Quba şəhərini gətirmək olar. Vaxt olub ki, bu şəhər Yuxarı və Aşağı məhəllərdən və yahudilərin icma kimi sıx məskunlaşdığı “Qırmızı qəsəbə”dən ibarət olub, və bu ənənələr o gədər effektiv olub ki, müasir dövrümüzə kimi aktuallığını itirməyib. Aşağıda təqdim etdiyimiz şəkillərin bir hissəsi Adams Jonsa məxsusdur və şəhərdə müxtəlif dinlərin və millətlərin tarixən yaşamasının arxitektura təsiri görünür:

Naxçıvanda Əlixan və Qala  məhəllələri mövcuddur və burada Naxçıvan şəhərində, Əlixan məhəlləsindəki evdə yaradılmış Hüseyn Cavidin ev muzeyi, Qala məhəlləsinin Xan dikində 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça muzeyi kimi önəmli tarixi abidələr var.

Bundan başqa Naxçıvanda 25 məhəllə var: Ağabəylər məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Adı Kəngərli mənşəli Ağabəylilər nəsli ilə bağlıdır, Anbar məhəlləsi – Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları burada kı, anbarlara yığırdılar, Atabəylər məhəlləsi – Məhəllənin adı Naxçıvan şəhərinin tarixində mühüm rol oynamış və onu paytaxt şəhərə çevirmiş Atabəylər (Eldənizlər) sülaləsinin adı ilə bağlıdır. Buzxana məhəlləsi – Yaşlı nəslin nümayəndələri şəhərin bir neçə yerində buzxana olan yerlərin olduğunu təsdiqləyir, ancaq məhz Buzxana mə­həlləsinin yerini xatırlaya bilmirlər. Cıdıllı məhəlləsi – Məhəllə vaxtilə şəhərin kənar ərazisi hesab olunan bu ərazidə cıdır yarışları keçirilib. Cığatay məhəlləsi – Azərbaycana gələn monqolların arasında olan türkdilli tayfalardan biri olan cığataylarla bağlıdır. Çaparxanlı məhəlləsi – Məhəllənin adının “çapar”[88] sözü ilə əlaqədar olduğu güman edilir. Dabbaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı məhəlləsi. Dizə məhəlləsi – mütəxəssislərin fikrincə “dizə” bir neçə ailənin yığışıb kiçik bir məhəllədə, yaxud kənddə məskunlaşması deməkdir. Əlixan məhəlləsi – Məhəllənin adı Azərbaycanın zadəgan sülalələrindən biri olan Əlixan sülaləsinin adı ilə bağlıdır. Ərsəni məhəlləsi – Naxçıvan şəhərində mövcud olmuş və adı yaddaşlardan silinmiş məhəllə adıdır. Ehtimal edirik ki, Ərsəni sözü “meydan, sahə”, “qiyamətdə dirilən ölü­lərin toplanacağı meydan” mənasında işlənən ərəb mənşəli Ərəsat sözünün fonetik dəyişikliyə uğramış varian­tıdır. Xıncov məhəlləsi – bu məhəllənin əhalisi əsasən kəndlərdə dolana bilməyən və ya kənd həyatı yaşamaq istəmədiyindən Naxçıvana köçən sakinlərdən ibarət olmuşdur. Xoylu (və ya Xoşulu) məhəlləsi – Naxçıvan şəhərində, XVIII əsrin axırlarında Güney Azərbaycanın Xoy şəhərindən köçüb gələrək, Əcəmi Seyrangahının bazar səmtində məskunlaşanlar tərəfindən salınmışdır. Kəngərli məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllərindən biridir. Məhəllə qədimdən şəhər zadəganlarının, hökmdar və hakimlərin imarətlərinin yerləşdiyi ərazi kimi tanınmışdır. Komayıl / Gömayıl məhəlləsi –bu məhəllə sakinlərinin deyilənə görə İrəvan çuxuru elindən (Dəvəli-Üçkilsə) köçüb gələn soydaşlarımız olmuşlar. Qala məhəlləsi — Qala məhəlləsi Möminə Xatun türbəsinin yaxınlığında, Xoylu və Atabəylər məhəllələri ilə qonşuluqda olub, yay teatrının və mədəniyyət sarayının ətrafındakı ərazini əhatə etmişdir. Qaraağac məhəlləsi – 1918-ci ildə məhz bu məhəllənin gəncləri toplaşaraq Naxçıvana hücuma keçən ermənilərə qarşı yerli özünümüdafiə dəstələri yaratmağa başlamışdılar. Qurdlar məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Bərdə və Ağdam rayonlarında, habelə Gürcüstanın Marneuli (Sarvan) şəhəri (tarixi Borçalı mahalı ətrafları) yaxınlığında da Qurdlar adını daşıyan kəndlər mövcuddur. Pirqəmiş məhəlləsi – Pirqəmiş məscidi burada yerləşir. Məscidin ətrafında yeraltı suların üzə çıxmasından qamışlıq əmələ gəlmişdir. Sallaqxana məhəlləsi – məhəllənin adı, ərəbcə “sallaq” (qəssab) və farsca “xana” (ev) sözləri əsasında yaranmışdır. Sarvanlar məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllələrindən biridir. Məhəllənin adı Kəngərlilərin bir qolu olan Sarvanlar sülaləsinin adı ilə bağlıdır. Söyüdlübilan məhəlləsi – əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura “Söyüdlü arx” da deyilmişdir. Şahab məhəlləsi – Tədqiqatçıların fikrincə məhəllənin adı, çox güman ki, ərazisində vaxtilə gur su, yaxşı su olmasına görə, fars dilində eyni mənada işlənən “şahab” sözü ilə bağlıdır. Zaviyə / Zəviyyə məhəlləsi – Məhəllənin adı ərəb dilində “bucaq” anlamına gəlir. Farsdilli mənbələrdə isə bu söz “müqəddəs yer” anlamında işlədilir.

Bizim ən çox tanınmış tarixi abidəmiz olan İçəri Şəhər də məhəllərə bölünüb və bu təsadüfi deyil çünki Bakının dənizkənarında yerləşməsi onu tarixən böyük bir ticarət mübadiləsi məkanına çevirib və bir çox etnik qruplar İçəri Şəhərdə sonradan məskunlaşıb. Onlar əsasən İrandan və digər ölkələrdən köç edən insanlar olublar. Bu məhəllələr peşələrinə, dini və etnik mənsubiyyətlərinə, ailələrinin statusuna görə formalaşıblar:   Seyyidlər məhəlləsi (əsasən ruhanilər, din ilə bağlı işləri olanların yaşadığı məhəllə), Ağşalvarlılar məhəlləsi (əsasən zadəgan ailələrin yaşadığı məhəllə), Bozbaşyeməyənlər məhəlləsi, Gəmiçilər məhəlləsi (əsasən gəmi tikən, dənizçiliklə məşqul olanların yaşadığı məhəllə), Hamamçılar məhəlləsi (əsasən hamamlarda işləyənlərin yaşadığı məhəllə), Arabaçılar məhəlləsi (əsasən araba və fayton işlədənlərin yaşadığı məhəllə), Nöyütçülər məhəlləsi (əsasən neft sənayesində (“nöyüt” el arasında “neft” deməkdir) işləyənlərin yaşadığı məhəllə, Cuhud Zeynallılar məhəlləsi (əsasən yəhudilərin (el arasında həmçinin cuhud adlanırdılar) yaşadığı məhəllə), Ləzgilər məhəlləsi (əsasən Dağıstandan köçmüş (el arasında ləzgi adlanan) ailələrin yaşadığı məhəllə), Giləklər məhəlləsi (əsasən Gilandan köçmüş (“gilək” sözü Gilanın yerli xalqının adıdır) ailələrin yaşadığı məhəllə).

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri isə azərbaycanın milli musiqinin və poeziyasının beşiyidir. Baxmayaraq ki, məscidlər də daxil olmaqla yüzlərlə tarixi abidə Ermənistanın vandalizmi və aqressiyası nəticəsində təhqir və ya məhv edilib bu şəhər yenidən həyata dönür.

Trend-in verdiyi məlumata əsasən, Şuşa tarixən 17 məhəllədən ibarət olub. Şuşa 1752-ci ildə Pənahəli xan Cavanşir (1693-1763) tərəfindən qurulub. O dövrdə Şuşa hökmdarın adını daşıyan və Qarabağ xanlığını qorumaq üçün 1368 metr yüksəklikdə inşa edilmiş Pənahabad qalası idi. Şəhərin salınmasında mühüm rolu hökmdarın vəziri, Şuşada bir çox obyektin tikilməsində birbaşa iştirak edən şair Molla Pənah Vaqif (1717-1797) oynayıb, o həm xanın, həm də övladlarının fərdi tikililəri ilə əlaqəli bütün işlərin rəhbəri və şəhər divarının, Xan sarayının, yaşayış binalarının və qala divarlarının inşasının başında olub.

Şuşa şəhərinin memarlığını və memarlıq abidələrini tədqiq edən Elturan Avalov şəhərin memarlıq-planlaşdırma inkişafını üç mərhələyə bölür. Birinci mərhələdə Şuşa şəhərinin əsasının qoyulması dövründən başlayır (1753-1754). Həmin dövrdə Şuşa qalası, qala daxili qəsrlər və xan sarayları inşa edilmiş, şərq sektorunun aşağı hissəsinin inşasına başlanılmış və 9 Aşağı məhəllə formalaşdırılmışdır. İkinci mərhələ İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1759-1806) əhatə edir. Bu dövrdə şərq sektorunun yuxarı hissəsi inşa edilmiş və 8 Yuxarı məhəllə formalaşdırılmışdır. Üçüncü mərhələ Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra (1805) şəhərin intensiv genişləndirilməsi ilə əlamətdardır. Bu dövrdə şəhərin qərb və yuxarı hissələri inşa edilir və həmin ərazilərdə 12 məhəllə formalaşdırılır.

17-18-ci əsrlərdə Şuşa 17 məhəlləyə bölünmüşdü. Onlardan 9-u Aşağı məhəllə (Seyidli məhəlləsi, Culfalar məhəlləsi, Quyuluq məhəlləsi, Çuxur məhəllə məhəlləsi, Dördlər qurdu məhəlləsi, Hacı Yusifli məhəlləsi, Dörd çinar məhəlləsi, Çöl qala məhəlləsi, Qurdlar məhəlləsi), 8-i isə Yuxarı məhəllə (Saatlı məhəlləsi, Köçərli məhəlləsi, Mamayı məhəlləsi, Xoca Mərcanlı məhəlləsi, Dəmirçilər məhəlləsi, Hamamqabağı məhəlləsi, Merdinli məhəlləsi, Təzə məhəllə məhəlləsi) idi. Şəhər sakinləri özlərini qalalı adlandırırdılar. Hər məhəllədə hamam, məscid və bulaq olub.

Fotolar Çingiz Qacarın “Köhnə Şuşa” kitabından və digər açıq mənbələrdən götürülüb.

1819-cu ildə Azərbaycanda ilk alman koloniyası – Helenendorf (indiki Göygöl şəhəri) salınıb. Sonrakı dövrlərdə Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonları ərazisində Annenfeld, Qeorqsfeld, Qrünfeld, Eyqenfeld, Traubenfeld – ümumilikdə 8 alman koloniyası yaranmışdı. Sənayedə və təsərrüfatda yaxşı mütəxəssis olan almanlar bu münbit torpaqlarda yeni həyata başlayıblar. Onlar tərəfindən inşa edilən körpülər, müxtəlif tikililər, şərab zavodları indiyədək qalır. 1941-ci ildə Almaniya ilə Sovet İttifaqı arasında müharibə başlayandan sonra Volqaboyu, Krım və Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan almanlar Qazaxıstan və Sibirə deportasiya olunublar. Ötən əsrin 50-80-ci illərində isə alman icmalarının çoxu sovetlər ölkəsini tərk edərək tarixi vətənlərinə qayıdıblar.

Azərbaycandakı alman icması mədəni həyatda da bir çox izlər qoyublar. Onlar yerli əhali ilə qaynayıb-qarışaraq, tolerant mühitdə yaşamaqla bərabər öz adət və ənənələrini də yaşadıblar. Alman kolonistlərinin vaxtilə yaşadığı Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri, kilsə (lüteran kirxası) və digər tikililər Azərbaycanda alman memarlığının nümunələridir. Göygöldə 1857-ci ildə tikilmiş alman kirxası bu gün də şəhərin rəmzidir. Şəmkirdə 1900-cü ildə tikilən kirxa da günümüzədək öz əzəmətini saxlayıb.

Leave a Reply