Bakı metropoliteni 2021-ci ildə sürprizlər təqdim edəcək – FOTO

2020-ci il bütün dünya üçün yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yaratdığı gərgin il kimi yadda qalacaq. Onun təsirləri, təbii ki, Azərbaycandan da yan ötməyib. Virusun fəaliyyətinə ən çox zərbə vurduğu sahələrdən biri də Bakı metropolitenidir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, buna baxmayaraq, sərnişindaşıma istisna olmaqla, bu müddət Bakı metropoliteni üçün heç də səmərəsiz ötüşməyib. İnşaat meydanlarında, yenidənqurma, təmir sahələrində işlər pandemiya və karantin rejiminin tələblərinə uyğun aparılmaqla əsas vəzifələr yerinə yetirilib.

Əlbəttə, bütün digər cəhətlərindən çox 2020-ci il ölkəmizin tarixinə Zəfər ili kimi düşəcək. Bu tarixi Zəfərin tərənnüm etdiyi rəmzlər sırasında Bakı metropoliteni də olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metronun yeni inşa olunan stansiyasına “8 Noyabr” adının verilməsini təklif edib.  Bu təşəbbüs Vətən müharibəsi günlərində ordumuza dəstəyini əsirgəməyən metropoliten kollektivi üçün böyük şərəf olub.

2020-ci ilin tikinti işləri sırasında məhz “8 Noyabr” adı verilmiş Bənövşəyi xəttin 3-cü stansiyasının tamamlama işlərini, habelə “Avtovağzal-Xocəsən” deposu arasındakı tunellərin inşasını qeyd etmək lazımdır.

Metro tarixində ilk dəfə dəmir-beton bloklu tunel yolu qurulub

2020-ci ilin mart ayında “Avtovağzal-Xocəsən” deposu arasında ikinci tunelin inşası başa çatdırılıb. O da xüsusi qeyd olunmalıdır ki, bu tunellər metro inşaatı tarixində ən mürəkkəb qazıntı işləri kimi yer alıb. Ağır hidrogeoloji şərait, ətraf ərazidəki tikililər, kommunikasıya xətləri baxımından metro inşaatçıları ən məsuliyyətli vəzifəni layiqincə, keyfiyyətlə və itkisiz, əmək rəşadəti ilə yerinə yetiriblər. Hər iki tuneldə tikinti-quraşdırma işləri ilə yanaşı, yolun üst quruluşu elementlərinin quraşdırılması da tamamlanıb.

Bundan savayı, “Memar Əcəmi-8 Noyabr” mənzili boyunca tunellərin inşası, müvafiq infrastrukturun qurulması işləri yekunlaşıb. Burada mühüm yenilik metro inşaatında ilk dəfə dəmir-beton bloklardan istifadə olunmasıdır. Yolun üst quruluşu elementlərinin ballastsız əsaslar üzərində qurulması və burada dəmir-beton bloklardan istifadə olunması iqtisadi, texniki, istismarın  səmərəliliyi baxımından daha böyük imkanlara yol açır. Hazırda yeni sahələrdə yollar bu tərzdə salınır və tikinti sahələrinin dəmir-beton blokları metronun öz istehsalat bazası olan dəmir-beton konstruksiyalarının istehsalı sahəsində hazırlanır. Burada Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də “Made in Azerbaijan” brendinə bir töhfədir.

Dəmir-beton bloklar təkcə yeni inşa olunan “Bənövşəyi” xəttin “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən-Avtovağzal” sahələrində deyil, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmir edilən stansiya yollarına qoyulmaqla daha bir istiqamətdə yeniliklərin tətbiqi öyrənilib. Ağac şpalların ölkəmizdə istehsal olunan dəmir-beton şpallarla əvəz edilməsi Nərimanov elektrik deposunun park yollarında da aparılır. İndiyə kimi “Bakmil” stansiyasının hər iki yolunda, stansiyadan portala qədər olan yol sahəsində, deponun təmir olunmuş qanovlarının davamında 2000-dən artıq dəmir-beton şpal qoyulub.

Yeri gəlmişkən, metropolitenin dəmir-beton konstruksiyaları istehsalatı sahəsi təkcə 2020-ci il ərzində 1198 dəmir-beton şpal istehsal edib. Bu müddətdə 10245.36 kv. m metal tor, 25 metal çəpər istehsal olunub, 552 müxtəlif ölçülü dəmir beton svayların armaturlanması prosesi həyata keçirilib. 142 tondan artıq məftil açılıb, doğranılaraq tikinti obyektlərinə göndərilib. Sahə metropoliten obyektlərini 28 min 677 kub metrdən artıq əmtəə betonu ilə təmin edib. İl ərzində 20-yə yaxın müxtəlif dəmir-beton konstruksiyası məhsulları istehsalını yerinə yetirib.

Sərnişinə xidmətdə və hərəkətin təşkilində ən mühüm yeniliklər

Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası isə istismara hazırlanır. Əsas inşaat işləri yekunlaşdırılmış stansiyada son tamamlama tədbirləri yerinə yetirilir.

Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub.

Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. Onu da qeyd edək ki, bu sosial kateqoriyadan olan sərnişinlər 2019-cu ilin mart ayından Bakı metropoliteninin bütün xətlərinin xidmətindən istifadə edirlər. Metropoliten tarixində ən mühüm sosial addımlardan biri kimi dəyərləndirilən “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.

Stansiyanın əsas özəlliklərindən biri də qatarların bir yoldan digər yola keçərək əks istiqamətdə hərkətini təmin edən dönmə kamerasıdır. Bu isə fərqli hərəkət qrafikinin tətbiqi, hərəkət intervalını azaltmaqla, qatarların müntəzəm hərəkətinin daha da intensivləşdirilməsinə şərait yaradacaq.

Burada tətbiq edilən inqilabi yenilikləri sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir “Vollert-Rheda” sisteminin quraşdırılmasına başlanılıb. Yoldəyişdirici qurğu, təmas relsi də tamamilə yeni dövrün texnoloji tələbləri səviyyəsində metropoliten tarixində ilk dəfə tətbiq edilir. Bununla müasir texnologiyalarla səmərə, qənaət və keyfiyyətə nail olunması da təmin edilib.

İdarəetmə ən müasir sistemlər üzərindədir

“8 Noyabr” stansiyasında xidməti otaqların istismar prosesinə tam hazır olması işləri də yekunlaşmaq üzrədir. Yeni xətdə tətbiq edilən texnologiyaların ən mühümləri sırasında hərəkətin təşkili sahəsində SCADA (dispetçer idarəetmə sistemi) və onun tərkib hissəsi CBTC (qatarların hərəkətinin radiokanal əsasında təşkili) dünya dəmir yolları sisteminin ən son nailiyyətidir. Gələcəkdə xətdə qatarların əsas hərəkət sistemi olacaq CBTC sistemlərinin əsas hissəsi olan mikroprosessor mərkəzləşməsi, eləcə də “Tetra” rabitə sistemi də burada qurulub. Eyni zamanda Bənövşəyi xətdə müntəzəm hərəkət qrafikini təmin etmək üçün 4 qatar tərkibində “Thales” şirkətinə məxsus işarəvermə avadanlıqları və “Tetra” qatar radio-rabitə avadanlıqları quraşdırılıb. Qatarlar “Nərimanov” elektrik deposundan “Xocəsən” deposuna gətirilməklə, “Avtovağzal-8 Noyabr” sahəsində istifadəyə hazırlanır. Bu xüsusda sınaq yürüşlərinin aparılmasına hazırlıq tədbirləri də başa çatdırılıb.

Enerji təminatına innovativ addımlar

Stansiyanın elektrik enerjisi təminatı da müasir dövrün tələblərinə uyğun qurulub. Bu xüsusda onu da əlavə etmək lazımdır ki, Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq, Bənövşəyi xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiya tikiləcək və onlardan biri “8 Noyabr” stansiyasının tikinti ərazisində yerləşir. Qeyd edək ki, inkişaf perspektivinə uyğun olaraq, yeni xətlərin inşasında alternativ enerji təminatı məsələsi xüsusi yer tutur. “8 Noyabr” stansiyasının tikinti sahəsində gücü 16 MVA olan dizel-generator stansiyası da inşa edilir və xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyacları ödəyəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq.

Müasir dispetçer mərkəzi

Ümumiyyətlə, müasir sistemlərin tətbiqi yeni xətlərin təməl layihəsində nəzərdə tutulub, mövcud xətlərdə isə mərhələli şəkildə həyata keçiriləcək. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması davam etdirilir. Bu istiqamətdə layihələndirmə, inşaat işləri planlı surətdə davam etdirilməklə əsas mərhələsini geridə qoyub. Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri zamanı “Thales” şirkəti ilə ikitərəfli saziş imzalanıb. Yeri gəlmişkən, məhz həmin səfər çərçivəsində “Bənövşəyi” xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda da müasir sistemlərin qurulması bu şirkətlə əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Deponun inşasında birinci mərhələ yekunlaşmaq üzrədir

Hazırda “Xocəsən” deposunda işlər sürətlə davam etdirilməklə Bənövşəyi xəttin inşasına paralel və zərurətə uyğun olaraq 3 mərhələdə həyata keçirilir. Hazırda 3 stansiyanın tələbinə uyğun sahələrin inşası davam etdirilir. Dəmir yoluna çıxış yolunun hazırlanması həlledici mərhələdədir. Qatarlara təmir-baxış sahəsinin qurulması istiqamətində aparılan işlər çərçivəsində bir baxış qanovu və rels yolu hazır vəziyyətə gətirilib, daha ikisində yolun üst quruluşu elementlərinin quraşdırılması tamamlanır.

Depo sahəsində blok-post binası, müvafiq kommunikasiya sistemləri, yükləmə-boşaltma məntəqəsi, yanğın təhlükəsizliyi və digər texniki xidmət sahələri ilə yanaşı, yeraltı keçid, həmçinin sərnişin platformasında işlər pandemiya tələbləri nəzərə alınmaqla planlaşdırılmış qaydada davam etdirilir.

“Cəfər Cabbarlı” stansiya yolunda da yeniliklər olacaq

2020-ci ildə irimiqyaslı təmir-bərpa və yenidənqurma işləri “Cəfər Cabbarlı” stansiyasının ikinci yolunda başa çatmaq üzrədir. Burada platforma və stansiya yolu tamamilə əsaslı şəkildə yenidən qurulmaqla xidmət imkanları, konstruksiya etibarlığı, habelə estetik görkəmi ilə də müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb. Bu stansiya ilə “Xətai” stansiyasını birləşdirən tunellərdə böyükhəcmli bərpa işləri aparılıb. Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib.

Ümumiyyətlə, 2020-ci il metro tikintisi və stansiyaların əsaslı təmiri, yenidən qurulması, infrastruktur yeniləşməsi baxımından əhəmiyyətli kimi yadda qalacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma