Bakıda ictimai və operativ nəqliyyat üçün xüsusi avtomobil zolağı yaradılacaq (FOTO)

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkətinin təhlükəsizliyi Komissiyasına təkliflər verilib.

Trend-in verdiyi məlumata əsasən, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, həmin təklifə Nazirlər Kabinetində baxılıb, bunun əsasında həmin küçə və prospektlərdə xüsusi zolaqların yaradılmasına icazə verilib:

“İcazə əsasında paytaxtın Qara Qarayev, Gəncə və Atatürk prospektləri, Mikayıl Hüseynov, Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli, Müzəffər Həsənov küçələrində xüsusi avtobus zolaqlarının təşkil edilməsi planlaşdırılır”.

Beləliklə, artıq Mikayıl Hüseynov küçəsində xüsusi zolaq yaradılıb və aidiyyəti yol nişanları quraşdırılıb.

Paytaxtda yaradılan xüsusi avtobus zolaqları əsasən pandemiya dövründə xüsusi nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradacaq.

Mais Ağayevin sözlərinə əsasən, bu zolaqlar həmçinin sərnişinlərin vaxtında mənzil başına çatmasına yardımçı olacaq:

“Mikayıl Hüseynov küçəsində yaradılan zolaq cənub istiqamətindən şəhər mərkəzinə daxil olan zolaqla hərəkət marşrutların xüsusən pik saatlarında intervallardakı gecikmələri aradan qaldıracaq. Bu istiqamətdə şəhərə daxil olan sərnişin avtobuslarının hərəkətlərində gecikmələr yaranır. Hərəkət zolağı tam istifadəyə veriləndən sonra bu problem aradan qalxacaq. Gecikmələr 20 dəqiqədən 4 dəqiqəyə düşəcək. Sərnişinlər bu küçədə 16 dəqiqə vaxta qənaət edəcək. Bu pandemiya vaxtında olduqca əhəmiyyətli göstəricidir. Bu zolağın istifadəyə verilməsi həmin küçədən sonrakı ərazilərdə sərnişinlərin daha az müddətdə avtobus gözləməsinə şərait yaradacaq”

BNA rəsmisi onu da qeyd edib ki, yaxın günlərdə Qara Qarayev və Atatürk prospektlərində də xüsusi zolaqların yaradılmasına başlanılacaq:

“Zolaqlarda qanunun tələbinə uyğun olaraq yalnız marşrut avtobusları və ekspress xəttləri hərəkət edə bilər, digər avtomobillərin hərəkəti qadağandır. Zolaqda həmçinin operativ nəqliyyat vasitələri də hərəkət edə bilər. Bu da xüsusən təcili yardım avtomobillərinin çağırış yerinə vaxtında çatmasına yardım edəcək”.

Yeni yaradılan xüsusi zolaqlara icazəsiz daxil olan avtomobillər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən cərimələnəcək.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

“Hazırda paytaxtın Mikayıl Hüseynov küçəsi ilə mərkəzə doğru avtobusların sərbəst hərəkəti üçün zolaq təşkil edilib. Həmin zolaqlarda müvafiq yol nişanları quraşdırılıb. Bu zolaq yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub. Paytaxtın on küçə və prospektində belə zolaqların yaradılması planlaşdırılır. Zolaqlara digər avtomobillərin daxil olması qadağandır. Əks halda həmin avtomobillər məsuliyyətə cəlb olunacaq. Bu inzibati xəta tərkibi yaradır. Sürücülərdən xahişimiz budur ki, inzibati xəta tərkibi yaranmaması üçün həmin zolaqlara daxil olmasınlar və avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar”.

Vaqif Əsədov bildirib ki, zolağa icazəsiz daxil olan digər nəqliyyat vasitələri yol boyu quraşdırılmış texniki vasitələr və ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunacaq. Xüsusi zolağa icazəsiz daxil olan avtomobil sürücüləri 40 manat cərimə ediləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma