Kənd təsərrüfatı sahəsində məhsuldarlığın yüksək olacağı proqnozlaşdırılır

Havanın yağıntılı keçməsi payızlıq əkinlər üçün əlverişlidir.

Trend-in Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudovun proqnozlarına istinadən verdiyi məlumata əsasən, son günlər havanın yağıntılı keçməsi kənd təsərrüfatında payızlıq əkinlər üçün əlverişlidir.

O bildirib ki, payızlıq əkindən sonra yağıntıların çox olması toxumun inkişafını sürətləndirir:

“Azərbaycanda hazırda bir milyon hektardan çox payızlıq əkin həyata keçirilməkdədir. Payızlıq əkinin inkişafı üçün isə yağış vacibdir. Artıq ölkədə 600 min hektara yaxın taxıl əkilib. Əkilən sahələr yağışla suvarıldı. Bu da bu il məhsuldarlığın bol olacağına zəmin yaradır”.

Ekspert onuda bildirib ki, yağıntılı hava pambıq yığımına mane olur, lakin problemlərə baxmayaraq pambıq yığımına o qədər də təsir etməyib.

“İndiyə qədər 300 min tondan artıq pambıq yığmışıq. Bu rəqəm ötən ilki göstəricidən də yüksəkdir. Bəzi sahələrdə hələ də pambıq var. Müharibə nəticəsində Tərtər, Bərdə, Ağcabədi rayonlarında pambıq yığımında bir az geriləmə vardı. Amma artıq bu problem də aradan qaldırılıb. Son bir həftə ərzində bu ərazilərdə yetişdirilən pambıqların əksər hissəsi yığılıb. Ona görə də yağıntılı hava şəraiti pambıq yığımına o qədər də təsir etmədi”.

Leave a Reply Cancel reply