Təhsil sahəsində hansı dəyişiklər baş verəcək? – VİDEO

Təhsil naziri Emin Əmrullayev Azərbaycanın qələbədən sonrakı mərhələdə işğaldan azad olunan ərazilərdə məktəblərin bərpası,  koronavirusun təhsil sahəsinə təsiri və digər mühüm suallara aydınlıq gətirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir aktual sualları yerli telekanallardan birinin proqramında müsahibəsində cavablandırıb.

Emin Əmrullayev qeyd edib ki, II Qarabağ müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, bu tədris ilinin növbəti yarımilindən bununla bağlı məzmunda müəyyən dəyişikliklər ediləcək.

Onun sözlərinə görə, müharibədə əldə olunan qələbədən sonra təhsilin mövzusu bir neçə istiqamətdə dəyişəcək:

“Birinci istiqamət əhval-ruhiyyə ilə bağlı məsələdir. İndiyədək hər bir müəllimimizin və təhsilimizin qarşısında duran əsas məsələ o idi ki, gənc nəsli Vətənin müdafiəsinə hazırlayaq. Bu missiya uğurla yerinə yetirilib. Növbəti missiya əldə edilmiş uğurların qorunması, eyni zamanda məktəblilərimizi indiyədək üzləşdiyimiz risklərlə bir daha üzləşməməyə hazırlamaqdır”.

Nazir qeyd edib ki, işğal tarixlərini yadda saxlamalıyıq. Amma bununla bərabər, torpaqlarımızın işğaldan azad edilməsi və əldə edilən uğurlar şagirdlərə çatdırılmalıdır.

O, Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırmasına münasibət bildirərək, bu hadisənin təəssüf doğurduğunu və vandaliz olduğunu qeyd edib.

Nazir qeyd edib ki, bütün bu hallar nazirlik tərəfindən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır.

E.Əmrullayev əlavə edib ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastruktura toxunmamışdı. İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib.

Nazir bunu da təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub. Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili ümumiyyətlə mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə ümumiyyətlə yararsız hala düşüb.

Könüllü şəkildə və səfərbərliyə alınmaqla müharibədə iştirak edən tələbələrdən bəhs edərək Təhsil naziri qeyd edib ki, hazırda onların problemləri sistemləşdirilir.

Nazir əlavə edib ki, problemlərin xarakterindən asılı olaraq, onların müxtəlif həll yolları var. Bəzi hallarda bu problemlərin qısa zamanda həlli üçün aidiyyatı təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilir. Amma bir çox hallarda bunlar qaydalarla tənzimlənən məsələlər olur.

O həmçinin qeyd edib ki, artıq həssas təbəqəyə aid olan 10 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciəti qeydə alınaraq təsdiqlənib. Bu həftə ərzində həmin tələbələrə təsdiq mesajlarının göndəriləcəyi gözlənilir:

“Ancaq hələlik 1-ci kursda təhsil alan və bu meyarlara cavab verən tələbələr tərəfindən müraciətlər daxil olmayıb. Yəqin ki, onlar bu barədə məlumatlı deyillər. Həssas qrupa aid olan ailələrdən olan təhsilalanlar sistemdə qeydiyyatdan keçə və onların da təhsil haqları dövlət tərəfindən ödənilə bilər. Ancaq bunun üçün zəruri şərt həmin adamların sistemə müraciət edərək qeydiyyatdan keçməsidir. Biz dekabra qədər prosesi davam etdiririk”.

Nazir əlavə edib ki, keçən semestrdə 15 min, bu semestrdə isə 10 mindən çox tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

E. Əmrullayev koronavirusun yayılması fonunda təhsil sistemində baş verən dəyişikliklərdən də danışıb və ənənəvi təhsilə qayıtmağın hazırda çox riskli olduğunu qeyd edib.

Hazırda Azərbaycanda koronavirusa yoluxma sayında rekord göstəricinin qeydə alındığını deyən nazirin sözlərinə görə, bəzi təhsil müəssisələri və ayrı-ayrı mərkəzlər ənənəvi təhsilə keçməyə cəhd göstərirlər:

“Nazirlik olaraq, biz bu məsələləri monitorinq edirik. İndi valideynlərdən belə bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla ənənəvi təhsilin bərpa edilməsi Təhsil nazirliyi üçün arzuolunandır. Amma yoluxma sayı artdığı üçün biz bunu etmirik”.

Hazırda distant təhsil və teledərslərin ən uyğun seçim olduğunu deyən E.Əmrullayev qeyd edib ki, Bakı və Sumqayıt məktəblərində şagirdlərin 75 faizi distant təhsildən yararlanır.

Emin Əmrullayev xatırladıb ki, oktyabrın ortalarından noyabrın 2-dək şagirdlər üçün iki həftəlik tətil elan edilib və buna görə ənənəvi tətil dövründə dərslər davam etdiriləcək.

Nazirin sözlərinə görə, postpandemiya dövründə artıq mövcud boşluqlar düzgün qiymətləndiriləcək və yaranan boşluqların doldurulması üçün müxtəlif üsullardan – yay proqramları, şənbə dərsləri və başqa formatdan istifadə ediləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma