Yağış küçə və obyektlərinin su ilə dolmasına səbəb olub- FOTO/VİDEO

Son günlər Respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Nizami və Qaradağ rayonlarında yağış suları dolmuş bəzi ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyyəsi həyata keçirilib. Bundan başqa, Xaçmaz rayonunda da analoji işlərə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılmış, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb.

Hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Leave a Reply