Bu gün Azərbaycanda Milli Dirçəliş günü — 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayramdır.
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr, 1988-ci il) başladı.
Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsini, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsini, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırmasını tələb edirdilər. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər.
Burada “Suverenlik!”, “Azadlıq!” şüarları səslənməyə başlandı və bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar.
Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.
“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılmışdı.
Bakı fotosunu seçilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi. Bakıda olan mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə bütün dünyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan etmişdi. Azərbaycanlılar da onların arasında idi.