Şuşanın ilk məscidi – TARİXƏ SƏYAHƏT

Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir.  İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.

Yuхarı Gövhər ağa məscidinin aşağıda göstərilən təsvirləri Rusiyalı rəssam Vasili Vereşaginin rəsmləridir, fotoda isə məscidin işğaldan sonra düşdüyü vəziyyətidir.

Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Şuşada Aşağı Gövhər ağa məscidi, Ağdam cümə məscidi və Bərdə imamzadəsi ilə yanaşı Yuxarı Gövhər ağa məscidi də memarın ən yaxşı əsərləri sırasına daxildir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.

Məscid, özündən əvvəlki tikilinin inşaat oxlarını təkrarlayır. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir. Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilmişdir. Məscidin portikinin arkadası, iki mərtəbəli tikilinin hündürlüyü boyunca ucalan üç eyni tağdan ibarətdir. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək təxminən 5 metr diametrə malik olan iki günbəz fərqlənir. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmişdir.

Leave a Reply