Azərbaycan və Rusiya prezidentləri üçtərəfli bəyanat imzalayıblar

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bu gün Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalanacağını qeyd edib.

“Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq”, – deyə o imzalanan bəyanatla bağlı gözləntiləri ni bildirib.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur.

“Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır”, – deyə prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti eyni zamanda Rusiya Prezidentinə həm əvvəlki illərdə və xüsusən münaqişənin qaynar fazası dövründə fəal iştirakına görə təşəkkürünü bildirib.

“Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Sağ olun”,- deyə dövlətimizin başçısı bəyanatın regionda kı, sabitlioyə tövhəsini qiymətləndirib.

Prezident Vladimir Putin sonda bu sənədin həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminə olduğunu qeyd edib.

“Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun. Təşəkkür edirəm”, – deyə o çıxışı tamalayıb.
Daha sonra bəyanat imzalanıb.

Leave a Reply