Ermənistan Azərbaycan kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur.

TIME Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Azərbaycan bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

Eyni zamanda, bu gün bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edilib.

Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

Bu gün səhər saatlarında Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Gecə saatlarında Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub. Daha sonra Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Cavab olaraq Azərbaycan ordusu  səhər saatlarında cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə adekvat cavab tədbirləri görülür.

Leave a Reply