Azərbaycanda koronavirusa yoluxanların 20% uşaqlardır

Azərbaycan Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibəsinin əvvəlində cari ilin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzinin iş qrafikindən məlumat verib.

TIME Səhiyyə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, nazirliyinin rəsmisi hazırda mərkəz bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 6-dək zəngləri qəbul etdiyi haqda məlumat verib. Sutkanın qalan saatlarında işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.

Sevda Məmmədovanın verdiyi məlumata əsasən, bu ilin avqust və sentyabr aylarının hər birində «814» nöməsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb. Sevda xanım Çağrı Mərkəzinin iş prosesindən də xəbər verib: “Daxil olan müraciətlərin 90 %-i dəyərləndirilib, Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilir. Bundan sonra sahə məntəqələri bu müraciətləri rəsmiləşdirib, xəstələrin vəziyyətini dəyərləndirmək üçün sahə həkimlərinə yönləndirilir. Sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayıb, COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir. Müraciətlərin həmin qalan 10 %-i, əsasən, ağır simptomlu və hərarəti 38°C-dən yüksək olan xəstələr dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yönləndirilir”.

Müsahibəsinin davamında Sevda Məmmədova bir daha COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin müalicə prosesini xatırlatmaq istədiyini bildirib. Onun sözlərinə görə, yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Sevda xanım testin nəticələri pozitiv olan təqdirdə həmin şəxs təcrid olunmanın, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacib olduğunu vurğulayıb. O, testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşların xüsusi vitamin kompleksi ilə təmin olunmasını da bildirib. Onun qeyd etdiyinə görə, sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Bundan sonra işçi qrupunun üzvü xüsusi vurğulayıb ki, evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin, ölkəmizdə 8000-dən artıq evdə müalicə almış COVID-19 xəstəsinin vitamin kompleksi ilə təmin olunduğu da qeyd olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Sevda Məmmədova, həmçinin, söyləyib ki, bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir.

Daha sonra müsahibəsini davam etdirən işçi qrupunun üzvü 12 yaşdan kiçik olan uşaqların müalicəsi prosesi haqqında söhbət açıb. Onun söylədiyi kimi, uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür. Xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında tutulub, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir. “Onu da qeyd etmək lazımdır ki, uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir” – deyə, Sevda Məmmədova fikrini tamamlayıb.

Müsahibəsinin sonunda Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova son günlər ərzində COVID-19 üzrə statistikanın armasının xəstələnmə riskinin yüksəlməsinə gətirəcəyini bildirib. İşçi qrupunun üzvü koronavirusa qarşı ehtiyat tədbirinə riayət etməyin tələb olunduğunu xüsusi vurğulayıb, virusdan qorunmağa aid olan bir neçə tövsiyəsini bölüşüb: “Hərarət, öskürək və ya tənginəfəslik olarsa dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”.

Leave a Reply Cancel reply