Komendant saatı, sərt karantin, hərbi vəziyyət elan etdikdə hansı problemlərin yaranmasını gözdən qaçırmışıq?

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da çox ağır günlər yaşanır. Bu əlbəttə ki, ilk növbədə dünyanı təşvişə salmış COVID-19 ilə bağlıdır, lakin bizim ölkəmizdə vəziyyəti daha da gərginləşdirən cəbhə bölgəsində gedən döyüşlər və komendant saatı ilə karantindir.

Öncədən deməliyəm ki, bir Azərbaycan vətəndaşı kimi tam olaraq təhlükəsizliyin təmin edilməsi ilə bağlı, istər dövlət təhlükəsizliyi olsun, istərsə də ölkəmizin vətəndaşlarının səhhətinin təhlükəsizliyi olsun bütün tədbirləri dəstəkləyirəm. Lakin bir sıra önəmli məqamlar var ki, hansı ki, nəzərdən qaçıb.

İlk növbədə bu şənbə və bazar günləri tətbiq edilən sərt karantin tədbirləri və ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasıdır.

Bu tədbirlər yəqin ki, ictimai nəqliyyatın dayanması nəticəsində ekoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir edir və insanların böyük qruplarla toplaşmasının qarşısını alaraq virusun yayılmasına əngəl olur, amma bu məsələnin digər tərəfi də var.

Hazırda karantin tədbirləri ilə yanaşı komendant saatı da tətbiq edilib və işləyən insanlar evlərinə saat 21.00-da çatmalıdırlar. Bu isə o deməkdir ki, bir çox insanlar ahıl valideynləri və yaxınları ilə birgə yaşamırlarsa, şəxsi avtomobili yoxdursa və gəlirləri taksi xidmətindən istənilən vaxt istifadə etməyə imkan vermirsə onlarlarla uzun müddət faktiki olaraq görüşə bilmirlər.

Bundan başqa, komendant saatı zamanı nəqliyyatın fəaliyyəti dayandığı üçün qəflətən tək yaşayan yaxınlarımızın səhhətində problem yarandıqda onların yanında ola bilmirik və təcili yardım çağırdığımız halda xəstəxanaya çatdıqda USM və bəzi hallarda hətta kardioqram çəkmək imkanı olmur, çünki karantin və komendant saatına görə həkimlər evdə olurlar və xəstəxanaya gələ bilmirlər.

Əlbəttə ki, qismən səfərbərlik elan edilmiş bir ölkədə yaşayan vətəndaş bir çox çətinlikləri gözə alır, lakin paytaxt şəhərin mərkəzində Təcili Yardım maşını az olduğu üçün xəstə yanına həkim çağırışdan 2 saat sonra gəlirsə və onun aparıldığı xəstəxanada həkim komendant saatı ilə bağlı gələ bilmədiyinə görə problemlər ilə üzləşirsə, onun müayinəsi təkcə səhəri gün mümkün olursa bu yetərincə problematik vəziyyətdir. Götürək ki, elə xəstə var ki, o səhərə kimi gözləyə bilər, bəs kritik vəziyyətdə olan xəstə nə etməlidir? Burada bir çoxları özəl klinikalara müraciət etməyi tövsiyə edə bilər, amma biz aztəminatlı əhalidən bəhs edirik. Bu kateqoriyaya aid olan insanların sadə dillə desək, misal üçün, 100 manat avans ödəyib Mərkəzi Klinik xəstəxanaya həkim qəbuluna düşmək imkanı yoxdur. Onlar nə etməlidirlər? Hazırda şəhərimizdə fəaliyyət göstərən və tələb olunan bütün tibb avadanlıqları ilə təchiz edilmiş bir neçə xəstəxana koronavirus ilə mübarizə və cəbhə bölgəsində yaralanan əsgərlərin müalicəsi üçün bağlıdır. Müasir tələblərə cavab verən əksər Təcili Yardım maşınları və ən yaxşı həkimlər cəbhə bölgəsinə göndərilib və bu normal bir haldır. Bəs yoxsul Bakı əhalisinin təhlükəsizliyi və sağlamlığı neçə qorunmalıdır? Onlarda bu dövlətin vətəndaşlarıdır və onlarında ilkin tibbi yardım və normal həkim müayinəsi hüququ var. Son müşahidələrimə görə deyə bilərəm ki, artıq təcili yardım xidməti yerində tibbi yardım demək olar ki, göstərmir, əksər hallarda ağrı kəsici və ya hərarəti və təzyiqi stabilləşdirici inyeksiyanı edib ya sahə həkiminə müraciət etməyi, yada ki (ağır hall olduqda) xəstəxanaya aparmağı təklif edir.  

Dəfələrlə mətbuatda ölkəmizə tibbin ən müasir standartlarına uyğun olan avadanlıqların və Təcili yardım maşınlarının alındığı haqda məlumatlar dərc edilib, hətta xaricdə yaşayan həmvətənlərimiz ölkəmizə bu yaxınlarda Təcili yardım maşınları hədiyyə edib, onlar hardadır? Niyə bu gün Azərbaycanın paytaxtında xəstə yanına ötən əsrdən qalmış köhnə Təcili Yardım maşını gəlir, niyə həkimlər sadə kardioqram və ya USM muayinəsi etmək üçün xəstəxanaya getməlidir, bütün bu avadanlıqlarla müasir Təcili Yardım maşınları təchiz olunduğu halda?

Əlbəttə ki, biz hər şeyin ən yaxşısını bizə zəfər sevinci yaşadan hərbiçilərimizə və əsgərlərimizə qurban verməyə hazırıq, lakin bu gün yuxarıda sadalanan problemlər onlar üçün də yetərincə aktualdır, çünki onları da evlərində tək qalıb gözləyən valideynləri, ailələri, uşaqları, yaxınları var və ön cəbhədə düşmənlə döyüşən zaman həyatlarını təhlükəyə atan əsgərlərimizin gözləri arxada qalmamalıdır.

Bəlkə ölkəmizdə tətbiq edilən karantin qaydalarının, hərbi vəziyyətin elan edilməsi və komendant saatının tətbiqi nəticəsində vətəndaşlarımızın həyatında baş vermiş dəyişikləri yenidən nəzərdən keçirib, yeni, daha təkmilləşdirilmiş qaydaların tərtib edilməsinin vaxtı gəlib?

Üçüncü mühüm məsələ təhsil ilə bağlıdır. Ölkədə hərbi vəziyyətlə bağlı təhlükəsizlik nöqteyi nəzərindən tətbiq edilmiş internetə çıxışın məhdudlaşdırılması nəticəsində ən böyük zərbə təhsil sisteminə dəydi, çünki yenicə onlayn dərslərə başlayan müəllimlər və məktəblilər təhsil almaq imkanından məhrum oldular. Əlbəttə ki, təhlükəsizlik nöqteyi nəzərindən hərbi hissələrin yerləşdikləri və döyüşlər getdiyi regionlarda foto və video çəkilişlər aparıb sosial şəbəkələrdə paylaşan sadəlövh əhalinin qarşısını almaq vacibdir, lakin bunu həmin regionlarda etmək daha məqsədə uyğun olardı, amma bizim ölkəmizdə məhdudiyyət hər yerdə tətbiq edilib və nəticədə biz az qala informasiya müharibəsində meydanı düşmənə verəcəkdik, çünki internetə məhdudiyyət tətbiq edilən ilk günlər hətta jurnalistlərimiz belə internetdən məhrum qaldılar və bir çoxları hətta bu gündə yalnız VPN-ə qoşularaq qalibiyyət xəbərlərinə rəsmi videoları əlavə edərək paylaşa bilir.

Gördüyümüz kimi hər iki cəbhədə baş verənlərlə eyni zamanda mübarizə aparmaq elədə asan iş deyil və bu proses zamanı bəzən tələsik və çox sərt tədbirlər görülməli olur və bütün bunlar ölkəmizin vətəndaşlarının təhlükəsizliyi və sağlamlığı üçün edilir.

Allah hamımızı qorusun, sağlam və sülh şəraitində həyat bəxş etsin!

Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma