Yeni peşə və kvalifikasiya standartının təsdiqlənəcəyi gözlənilir

Azərbaycanda bu ilin sonunadək yeni peşə və kvalifikasiya standartının təsdiqlənəcəyi gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin verdiyi məlumata əsasən Azərbaycan bu gün iqtisadiyyatın dinamik inkişafına, habelə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin tərəqqisinə nail olub. Bu proseslər əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrlara olan tələbatı artırır və bununla əlaqədar peşə təhsili və təlimi sisteminin bu tələbata uyğun qurulmasının vacibliyini şərtləndirir.

Nazir bildirib ki, əmək bazarında aparılmış sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 300 peşə və kvalifikasiya standartı hazırlanıb. Bu ilin sonunadək həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərəcək “Peşə və Kvalifikasiya standartlarının Reyestri”ndə yerləşdiriləcək.

Sahil Babayev  deyib ki, peşə və kvalifikasiya standartlarının tətbiqi təhsil proqramlarının dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılmasında əsas rola malikdir. Növbəti il daha 350 peşə və kvalifikasiya standartının hazırlanması üçün artıq müvafiq işlərə başlanılıb. Həmçinin nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 4 Regional Peşə Təhsili  Mərkəzinin olduğunu və onların sayının 2030-cu ilədək 10-a çatdırılacağını bildirib.

Nazir “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərin əmək bazarı və təhsil sistemi üçün əhəmiyyətini diqqətə çatdırıb. Nazirliyin mütəxəssislərinin də yaxından iştirak etdiyi layihə üzrə 24 peşə və 24 kvalifikasiya standartının, müvafiq olaraq kurikulumların hazırlandığını deyib.

Leave a ReplyCancel reply