Azercell-dən Gəncədə olan abunəçilərə dəstək

Ölkənin lider operatoru Gəncədəki abunəçilərinin balansını bütün istiqamətlərdə zəng və SMS üçün artırdı.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azercell Telekom” şirkəti oktyabrın 17-də  gecə saatlarında Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndiyini bildirir.

Müstəqilik tariximizdə yaşadığımız ən gərgin və ağır dövrdə vətəndaşlarımızın yanında  olan Azercell bu dəfə Gəncədəki abunəçilərinə rabitə dəstəyi göstərib. Bu məqamda Gəncədə olan insanların daha çox telefon zəngləri etdiyini nəzərə alaraq, Azercell şirkəti hazırda bu şəhərdə olan bütün abunəçilərinin balansına bütün istiqamətlərdə zənglər üçün 50 dəqiqə və 50 SMS yükləyib.

“Ümid edirik ki, bu, Gəncədə olan vətəndaşlarımızın rabitə qayğılarının nisbətən aradan qaldırılmasına yardımçı  olacaq”, – deyə Azercell məlumatında qeyd edib.

Xatırladaq ki, erməni  təxribatlarına  cavab  olaraq rəşadətli ordumuzun  əks-həmlə əməliyyatına başladığı ilk andan Azercell şirkəti xalqımızın, dövlətin və silahlı qüvvələrimizin yanında olub. 

Azercell şirkəti orduya dəstək məqsədilə Azərbaycan Silahlı  Qüvvələrinə  Yardım Fonduna  1 milyon manat ianə  edib. 

Bundan əlavə,  əsgərlərimizlə yanaşı ağır informasiya müharibəsində savaşan  jurnalistlərə, cəbhə  bölgəsinə  ezam edilmiş müxtəlif KİV işçilərinin hamısının balansına Azercell 100 manat köçürüb.

Azercell şirkəti bir daha bu kədərli anlarda Gəncədə raket hücumu nəticəsində həlak  olan vətəndaşlarımızın ailə  üzvlərinə və yaxınlarına dərin  hüznlə başsağlığı verir,  onlara səbir diləyir. Yaralılara isə tez sağalmalarını arzulayır.

“Hazırda qələbə naminə ön cəbhədə döyüşən şanlı ordumuz Azərbaycan bayrağını artıq Füzulidə dalğalandırdı! Cəsur əsgər və zabitlərimizə ruh yüksəkliyi və cansağlığı arzu edirik! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan ordusu! Qarabağa #gəlirik!” – deyə şirkət məuçmatında qeyd edib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Leave a Reply Cancel reply