Ermənistan ordusunun Azərbaycanın dinc əhalisi ilə müharibəsi davam edir – FOTO/VİDEO

Ermənistan ordusu oktyabrın 10-da saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl, Göranboy, Ağdam, Ağcabədi istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

 TIME Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən bildirir ki, düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir. Son iki gün ərzində düşmən ordusu Gəncə və Mingəçevir şəhərlərində yaşayış məntəqələrini və dinc əhalini artilleriya atəşinə tutub.

Gəncə şəhərinin raket atəşinə tutulması anının videogörüntüsü yayılıb, məlum hadisə səbəbindən 4 qadın olmaqla, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib. Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik.

Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutur. Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.

Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır. Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edib.

Leave a Reply