Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir.
Trend-in verdiyi məlumata əsasən, bəyanatda qeyd edilir ki, Palata Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı bütün hərbi hücumlarını, eləcə də münaqişə zonasından kənarda mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə almasını qınayır:
“Palata Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmağa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə çağırır.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda davam edən hərbi əməliyyatlarda şəhid olan mülki və hərbi qulluqçuların ailələrinə başsağlığı verir, yaralıların tez sağalmasını diləyir”, – deyə bəyanatda qeyd edilib.
Bəyanatda deyilir ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil.