Baş Prokurorluq:”Erməni terroru nəticəsində mülki əhali həlak olur”

Ermənistan beynəlxalq konvensiyaları və hüquq normalarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb.

TIME Baş Prokurorluğun rəsmi məlumatına istinadən bildirir ki, hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

İşğalçı ölkənin silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olmuşlar, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir. 

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Həmçinin, təcavüzkar ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Səfər Əyyub oğlu və Quliyev Akif Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib.

“Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Arayik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulmuşdur.

Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

İlkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanmışdır. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Bəyan edirəm ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

Tərəfimdən bir daha bəyan edirəm ki, təxribat xarakter daşıyan cinayət əməllərin, döyüş bölgəsinə aid olmayan yaşayış məntəqələrinin, şəhərlərin, o cümlədən mülki infrastruktur obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması dərhal dayandırılmalıdır”, – deyə bəyanatda qeyd edilib.

Leave a ReplyCancel reply