Təhsil naziri tədris prosesində baş verəcək dəyişiklərlə bağlı açıqlamalar verib

Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə pandemiya şəraitində ümumi təhsil müəssisələrində tədrisin təşkilinə dair yeni normalarla bağlı brifinq keçirilir.

TIME bildirir ki, brifinqdə nazir Azərbaycanda 420 məktəbin öz fəalyyətini müvəqqəti məhdudlaşdıraraq dayandırmasını qeyd edib.

Emin Əmrullayev bildirib ki, düşmən zərbələri nəticəsində 9 məktəb zədə alıb, 2 şagird dünyasını dəyişib, 1 müəllim yaralanıb.

“Biz əminik ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq”, – deyə nazir qeyd edib.

Nazir bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda məktəblərdə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb.
Onun sözlərinə görə, yoluxma sayı azaldığına görə şagird sayı 200-dən çox olan məktəblərin ibtidai siniflərdə əyani dərs günlərinin sayı həftədə 2 dəfədən 3 dəfəyədək artırılır. Şagird sayı 200-dən çox olan məktəblərdə həftədə 5 dəfə əyani dərs olacaq.

Təhsil naziri qeyd edib ki, 5-9-cu siniflərdə dərslər həftədə 3 dəfə olacaq. 10-11-ci siniflər isə hələ də distant formada dərs keçəcək.

“Hazırda 2307 məktəbdə şagird sayı 200-dən azdır. Buna görə də çox məktəbdə ənənəvi dərs formatına qayıdılır”, – deyə o bildirib.

Xüsusi təhsil siniflərində artıq əyani təhsilə qayıdılıb.

E. Əmrullayevin sözlərinə görə, peşə təhsili sahəsində kursların tələblərə əməl etməklə əyani formada təşkili nəzərdə tutulur.

Nazir onu da bildirib ki, ali təhsil müəssisələrində distant təhsil sistemi dayandırılıb.

“Ümid edirik ki, gələn həftələrdən internet problemi həll ediləcək və distant təhsil təşkil olunacaq”, – deyə o qeyd edib.

Eyni zamanda bildirilib ki, birinci kurs tələbələri üçün oktaybrın 1-dən ali məktəblərlə tanışlıq sessiyaları keçirilə bilər.

Ə. Əmrullayevin sözlərinə əsasən, oktyabrın 15-dən distant təhsil formasında dərs təşkil olunacaq.

O, təəsüflə qeyd edib ki, məktəblərin daha çox açılması yoluxmanın artmasına səbəb ola bilər, çünki valideynlər koronavirus aşkarlandığı halda belə öz uşaqlarını məktəbə göndərirlər, bununlada təhsil ocaqlarının işini çətinləşdirirlər.

Nəticə olaraq bu sinifin əyani təhsildən distant təhsilə keçməsinə səbəb olur.

Nazir eyni zamanda əsassız məlumatlar yayan insanlara müraciət edib.

“Bəzi insanlar 2 həftədən, ya da 4 həftədən sonra məktəblər bağlanacaq kimi proqnozlar verməklə əhali arasında çaşqınlıq yaradır. Bunu etmək lazım deyil”, – deyə nazir şaiyələr yayan insanlara müraciət edib.

Daha sonra nazir 1 oktyabr tarixindən Bakı, Sumqayıt və Abşeron rayonunda bağçaların fəaliyyətə başlayacağını qeyd edib.

Bildirilib ki, bağçaların fəaliyyəti həftədə 5 dəfə olmaqla təşkil ediləcək, çünki burada heç bir distant təhsil formasından söhbət gedə bilməz.

Leave a Reply