Ermənistanın növbəti təxribatı nəticəsində daha bir Azərbaycan hərbçisi, üç oğul atası, şəhid olub – FOTO

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. PUA-nın geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

TIME rəsmi məlumata əsasən bildirir ki, yaranmış vəziyyətlə bağlı Müdafiə nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Nazirlik bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Trend-in məlumatına əsasən, şəhidin cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid bu gün dəfn olunub. Şəhid hərbçinin 3 azyaşlı oğlu var.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12  (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmışdır.

Baş prokurorluğun rəsmi məlumatında qeyd edilib ki, Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin  münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının  qanunsuz işğalının  davam etdirilməsi  olduğunu nümayiş etdirməkdədir.

Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən  xəbər verir.

İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına  qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti almışdır. Bu faktla da bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd )  maddəsi ilə cinayət işi başlanmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma