Çıraqqalanın Çin səddi ilə əlaqəsi və meşənin içindən qalaya aparan yol – TARİXƏ SƏYAHƏT

Çıraqqala – Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən V-VI əsrlərə aid müdafiə qalasıdır.

Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada bərpa-konservasiya işləri aparır.

Ötən ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərlinin sözlərinə əsasən, bu gün artıq Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsinin 5 bürcündə bərpa-konservasiya işləri başa çatdırılıb, bürclərarası qala divarları da bərpa-konservasiya olunub.

“Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb”.

Qeyd edək ki, 1952-ci ilə qədər bürclərin bir hissəsi, narınqala və baş bürc salamat idi. Qala altı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına təkan oldu.

Çıraqqalanın tarixi

Elə hesab edilir ki, Çıraqqala, əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub.

Gilgilçay səddinin planı

Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.

Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, “Çıraqqala” isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.

Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandırıcı deyildir. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcədə 17 bürcünün olması buranın qala şəhər oldugunu göstərir.

Çara qala necə Çıraqqala oldu?

Çıraqqalanın adının yaranmasının da bir neçə izahı vardır. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində bu qalanın adını “Çıraqqala” kimi göstərmiş və o, bu adla da, tanınmağa başlanmışdır. Lakin yerli əhali həmişə və bu gündə belə qalanı “Çaraqqala” adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adınında Çaraq qaya olması deyilənləri bir daha təsdiqləyir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmiş ilk hakiminin də adı Çora və ya Çara olmuşdur. Onda bu qala şəhərcik ətraf əhali tərəfindən Çara yaşayan qala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çara qala dönüb Çaraqqala olmuşdur. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görədə biz A.A.Bakıxanovun yazdığı rəvayətə və bu günkü deyimə uyğun olaraq qalanı “Çıraqqala” kimi göstəririk.

Erkən orta əsrlər dövründə Beşbarmaq dağından Dərbəndə qədər ki ərazilər Çora vilayəti adlanmış və həmin vilayətdə Çora qalası yerləşmişdir. Ehtimal var ki, həmin Çora qalası sonrakı əsrlərdə “Çoraqqala”-yəni Çıraqqala şəklinə düşmüşdür.

Çıraqqala və Çin səddi

“Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmiş və çiy kərpicdən hörülüb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma