İlham Əliyev Sumqayıtda yeni Peşə Təhsil Mərkəzinin açılışda iştirak edib

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat verdilər.

Bildirildi ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.

Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Qeyd edək ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarova illik ümumi daxili məhsulun həcmini hesablamağı tapşırıb.

“Hesablayın, ümumiyyətlə, illik ümumi daxili məhsul hansı həcmdədir. Qiymətləndirin, çünki mən dəfələrlə icra başçıları ilə görüşlərdə demişdim ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bunlar olmalıdır – investisiyaları cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan vermək”, – deyə dövlət başçısı tapşırıq verib.

Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

“Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır”, – deyə Prezident İlham Əliyev gələcək planları açıqlayıb.

Dövlət başçısı eyni zamanda Sumqayıtda fəaliyyətə başlamış siqaret fabrikinin fəaliyyəti haqda bəhs edib və bildirib ki, artıq statistika göstərir ki, idxaldan asılılıq nə qədər azalıb.

“Çünki biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin”, – deyə ölkə başçısı qeyd edib.

Diskussiya zamanı qeyd edilib ki, yaxın 2-3 il ərzində Sumqayıt Texnologiyalar Parkının ərazisi tam dolacaq və onun ərazisinin genişləndirilməsinə ehtiyac duyulacaq. l

“Ona görə yeni ərazilər lazımdır. Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, – o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, – bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin. Təmizlik, kommunikasiya işlərinə bəlkə də elə bu ildən, vaxt itirmədən başlamaq olar. Çünki bu da vaxt aparacaq. Biz o zaman bu ərazini təmizləyəndə buna təqribən bir il vaxt lazım oldu. Həm təmizləmə, ondan sonra kommunikasiya işləri. Ona görə bəlkə ilin sonuna qədər müəyyən vəsait də ayrıla bilər ki, yeni seçilmiş yerdə biz bu işləri görək, növbəti investorlar artıq maraq göstərəndə vaxt itirməsinlər”, – deyə Prezident tapşırıq verib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma