Bakı metropoliteni yeni müasir qatarların sayını artıraraq işini bərpa edib

Bu gün Bakı metropoliteni uzunmeddətli fasilədən sonra yeni müasir qatarların sayını artıraraq işə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 72 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir. Bu gün – sentyabrın 14-ü səhər saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edib.

Metropolitenin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, bərpa edilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabr ayının 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 6-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

Məlumdur ki, pandemiya elan edildiyi ötən dövr ərzində Bakı metropoliteni mart ayının 31-i saat 22:00-dan may ayının 9-u saat 06:00-a qədər – 38 gün ərzində sərnişindaşıma fəaliyyəti göstərməmişdi.

“Mayın 9-da açılarkən metropolitendə tətbiqinə başlanılmış “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş” Nazirlər Kabineti yanında Operativ Qərargahın əlavə göstərişinə qədər qüvvədə qalacaq.

Bu səbəbdən sərnişinlərin nəzərinə bir daha çatdırırıq ki, Bakı metropoliteni stansiyalarına daxil olaraq mənzil başına çatıb metro stansiyalarını tərk edənədək tibbi maskanın düzgün taxılması sərnişinlərin riayət etmələri mütləq vacib şərtdir”, – deyə Bakı metropoliteni açıqlamasında qeyd edib.

Sosial məsafənin qorunması məqsədilə Bakı metropoliteni texniki imkanlarından istifadə edərək, sərnişinlərə ən münasib şəraiti yaradıb. Bu məqsədlə gücləndirilmiş iş rejimi tətbiq edilib, qatarların hərəkət qrafiki ən optimal qrafiklə təmin olunub, stansiya və qatarlarda bütün mümkün imkanlardan istifadə olunaraq sərnişinlərin məlumatlandırılması təmin edilib.

“Sərnişinlərimizə müraciət edərək, bir daha mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırırıq”, – deyə, məlumatda ictimaiyyətə müraciət edilib.

Eyni zamanda, bildirilib ki, İyun ayında Rusiyadan Bakıya gətirilmiş daha iki müasir tipli qatarın “Nərimanov” elektrik deposunda sazlanması, tənzimlənməsi və sınaqları başa çatdırılaraq xəttə buraxılıb. “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 81-765.B/766.B seriyalı hərəkət tərkibləri Yaşıl xətt üzrə hərəkət edəcək.

Beləliklə, Bakı metropoliteninin lokomotiv parkındakı ən müasir tipli qatarların sayı 15-ə çatdırılıb.

Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir.

Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir. Ümumilikdə, yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma