DİM 3-cü ixtisas qrupu abituriyentlərinin ixtisas seçimi ilə bağlı sualları cavablandırıb – VİDEO

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 3-cü ixtisas qrupu abituriyentlərinin ixtisas seçimi ilə bağlı tövsiyələrini verib və ictimaiyyəti maraqlandıran suallara cavab verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən il olduğu kimi bu il də 3-cü ixtisas qrupu abituriyentləri çox cəlb edir, bu il də 20 minə yaxın abituriyent 3-cü qrup üzrə imtahan verib.

DİM rəhbəri Məleykə Abbaszadə bu gün ki çıxışında deyib ki, bu il də 3-cü qrupda müsabiqə vəziyyəti çox yüksəkdir.

“Bütün qruplar üzrə müsabiqəyə buraxılma şərtləri demək olar ki, eynidir. Bu il 3-cü qrup üzrə 12 min 286 plan yeri var. 200-dən çox bal toplayaraq, bütün müsabiqə şərtlərinə cavab verən 15 min 368 nəfər abituriyent var. Bu göstərici onu göstərir ki, onların 3082-si ali məktəbə qəbul olmayacaq. Bu, artıq plan yerlərindən asılı bir məqamdır. Çox adam deyir ki, biz pandemiya şəraitində məşğul olmuşuq, siz şərtləri aşağı salın. Amma balları aşağı salmağa heç bir ehtiyac yoxdur. 3-cü qrupda kifayət qədər yüksək nəticə göstərən abituriyent var”.

Onun sözlərinə görə, bu il 3-cü qrupda orta bal 303 bal olduğu halda, keçən il 297 olub, imtahan verənlərin 50 faizi 303 baldan yuxarı nəticə göstərib.

M. Abbaszadə onu da bildirib ki, bu il 3-cü qrup üzrə sənəd verən subbakalavrların ali məktəblərə qəbul olma ehtimalları çox azdır, amma bu ehtimal yenə də var.

Buna görə də subbakalavrlar ixtisas seçimi zamanı ya regional ali məktəbləri, ya da özəl ali məktəbləri seçməlidirlər. Bu il III qrupda 150-200 bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmaq şansı çox azdır.

Onun sözlərinə görə, 400-dən çox bal toplayanların dövlət sifarişli yerlərdə oxumaq şansı var.

M. Abbaszadə qeyd edib ki, III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub.

“Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyillidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində), dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət, tarix müəllimliyi olub. Bu il üçün III qrup üzrə dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə qəbul planında 30%, ibtidai sinif müəllimliyi üzrə 10%, tarix müəllimliyi üzrə 11% artım var”, – deyə DİM sədri bildirib.

Onun sözlərinə görə, plan yerlərində əsas artım əvvəlki illərdə mövcud olan ixtisaslar üzrə olub.

M.Abbaszadə qeyd edib ki, bu il  III qrupda yeni ixtisas olmayıb, əksinə 4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib.

DİM sədri qeyd edib ki, III qrup üzrə müsabiqə vəziyyətinin keçən ilki kimi olacağı gözlənilir. İxtisaslar üzrə keçid balları da təxminən eyni səviyyədə olacaq.

Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1102 plan yeri, birgə müsabiqəyə 2090 plan yeri təqdim edilib.

Azərbaycan bölməsinin abituriyentlərinin və onlar arasında yüksək bal toplayanların sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin əksəriyyətinin Azərbaycan bölməsinin abituriyentləri tuturlar.

“Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında kəskin fərq vardı. Azərbaycan və rus bölməsində ixtisaslar üzrə bal fərqi 50-100 idi. Biz bu il də rus bölməsi üzrə plan yerlərinə qəbulda həmin vəziyyəti gözləyirik, amma birgə müsabiqədə bu belə olmayacaq”, – deyə o qeyd edib.

Bu il III ixtisas qrupuna sənəd verən abituriyentlər arasında ali məktəbə müsabiqədənkənar qəbul imkanı olan 11 nəfər respublika fənn olimpiada qalibi var. Həmin qaliblərin heç biri hələlik müsabiqədənkənar qəbul üçün müraciət etməyib.

“Biz məsləhət görərdik ki, olimpiada qalibləri tez bir zamanda müraciət etsinlər. Çünki müraciət vaxtı bitən kimi biz ali məktəblərdə tələbə yerləşdirməsinə başlayacağıq. O zaman isə artıq gec ola bilər”, – M. Abbaszadə çıxışında bildirib.

Onun sözlərinə görə, yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq, çünki buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır.

“Sentyabrın 10-da keçirilən bu imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə də sentyabrın 10-da buraxılış imtahanı verənlər bu il qəbul kampaniyasında deyil, gələn ilki qəbul perosesində iştirak edə biləcəklər”.

Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalıdırlar, onlar üçün ixtisas seçimini başqa şəxslər deyil, abituriyent özü etməlidir.

Ayrı adamın seçim etməsinin fəsadları haqda bəhs edərkən M. Abbaszadə ötən il III qrupdan bir oğlanın Qızlar Univeristetinə qəbul olmasını xatırladıb.

“Həmin şəxs bizə müraciət edərək “görmürsünüz ki, mən oğlanam, niyə məni Qızlar Universitetinə salmısınız” deyərək ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisənin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi. Amma ümumən Qızlar Universitetində oğlanların oxuması üçün qadağa yoxdur. Sadəcə olaraq, bu universiteti adətən, qızlar seçirlər”, deyə o qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma