Xəzərin dərdi var… – FOTO

Bakı son illər ərzində inanılmaz dərəcədə dəyişib və gözəlləşib desəm, təkrarlılığa yol verərəm, amma bu doğurdanda belədir. Şəhərimiz günü gündən abadlaşır, müasir memarlıq sənətinin nümunələri məhz Azərbaycanın paytaxtında özünə layiqli yer tutur, şəhərdə yeni binalar tikilir, parklar salınır, Dənizkənarı Parkın ərazisi getdikcə genişlənir və bu bizi, şəhər sakinlərini sevindirməyə bilməz.

Lakin şəhərimizin illərdir həlli tapılmayan bir dərdi var ki, bu da Dənizkənarı Parkın bəzi hissələrində ətrafa yayılan dözülməz qoxudur. Şəhərimizi tanımayanlar düşünə bilərlər ki, Bakı neft ölkəsinin paytaxtı olduğu üçün buradan neft qoxusu gəlir, amma bu belə deyil. Bu gün dəniz kənarında parkda gəzməyə çıxdığınızda sizin ətrafdakı səliqə-sahmandan, gözəl dəniz mənzərəsindən aldığınız zövqü bir dəqiqədə tam olaraq məhv edə biləcək yeganə səbəb məhz dənizə axıdılan çirkab suların və tullantıların pis qoxusudur. Çox təəssüf ki, hətta neftin gətirdiyi bütün sərvətlər  belə bu problemin həllinə təsir edə bilməyib.

Ekologiya və təbii sərvətlər nazirliyinin məlumatlarına müraciət etdikdə görürük ki, Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formlaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir.

Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır. Hər dəfə dəniz kənarına gəzintiyə çıxdıqda bir daha təəssüf edirik ki, nazirliyin ictimai iaşə obyektlərinə dəfələrlə  müraciət edildiyinə, yoxlamalar keçirildiyinə və cərimələr tətbiq edildiyinə baxmayaraq yerli işgüzar adamlar, tullantı probleminin ən asan və xərcsiz həllinə əl atırlar- axıdırlar dənizə. Həmin dənizə ki, harada ki, sabah özləri də çiməcəklər və ya ən azından sahilində gün vannaları qəbul edəcəklər.

Əlbəttə ki, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində ölkəmizdə iri miqyaslı ekoloji layihələrin və kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq bır sıra ekoloji problemlər hələ də öz həllini tapmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınmışdır. Bu axarlar vasitəsilə dənizə gündə 1 850 min kubmetr tullantı suyu daxil olur.   

Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından burada formalaşan müxtəlif tərkibli tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Bunun nəticəsində dənizin və sahil zolağının ekoloji vəziyyəti pisləşir.

Dünyanın bir çox ölkəsində kanalizasiya sistemi ilə əhatə edilməyən ərazilərdə, çirkab sularının təmizlənməsi üçün şirkət, miqyasından asılı olmayaraq, xüsusi təmizləyici qurğulardan istifadə edir. Bu qurğular çirkab suları təmizləməklə yanaşı, onların sonradan emal edərək müəssisənin ərazisində suvarma işləri üçün, şirkətin avtomobillərinin yuyulması üçün və texniki suların istifadə edilə biləcək digər məqsədlər üçün sərf edirlər. Əlbəttə ki, bu bir az xərc tələb edəcək, lakin eyni zamanda suya da qənaət etməyə imkan verəcək, ən əsası isə Xəzərin ekologiyasına zərər dəyməyəcək, yediyimiz balıqlar çirkab sular içində böyüməyəcəklər, çimərliyə getdikdə də ürəyimiz və vicdanımız rahat şəkildə dənizə girə biləcəyik, çün ki, biləcəyik ki, bu su təmizdir.      

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Baxmayaraq ki,  dənizin səviyyəsi özünün ən yüksək qiymətini iyun-avqust aylarında, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır, bu gün ki, müşahidələrimiz ötən illə müqayisədə bu il Xəzər dənizinin səviyyəsi gözlə görüləcək dərəcədə düşüb.

Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir. Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir. Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki, onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır . Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m, son 200 ildə 3.5 m təşkil etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun bir neçə il bundan öncə verdiyi təxmini proqnoza əsasən 2020-ci ildən sonra Xəzər dənizində suyun səviyyəsinin 1-2 metr yüksələcəyi gözlənilir.

Nəticə olaraq, ölkə sakinlərinə 2021-ci ildə artıq Xəzər dənizinin səviyyəsinin artmasına və özəl şirkətlərdə istifadə etdikləri təbii resursların təmizliyini qorumaq alışqanlığının yaranmasına ümid etmək qalır.

Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma