Ermənistan Azərbaycanın sərhəd kəndinin su anbarına gələn çayın qarşısını kəsib – ekoloji terror VİDEO ​

Torpaqlarımızın 20 faizini işğal edən mənfur qonşumuz Ermənistan tez-tez cəbhədə təxribatlar törətməklə yanaşı, ekoloji terrorlarını da davam etdirirlər. Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən çay düşmən tərəfdən gəldiyi üçün onun qarşısı kəsilib. Bu səbəbdən kənddəki anbarda su nəzərəçarpacaq dərəcədə azalıb. Çayların qarşısını kəsməklə sakinləri susuz qoyaraq ekoloji terrora əl atan düşmən bu cür çirkin üsullardan istifadə etməyə üstünlük verir.

AZƏRTAC xəbər verir ki, Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndi ərazisində yerləşən bu su anbarı ötən əsrin 80-ci illərində inşa edilib. Düşmən tərəfdən mənbəyini götürən İncəsu çayı bu anbara tökülür. Nəticədə anbara yığılan sudan Kəmərli kəndi ilə yanaşı, İncə dərəsinin digər kəndlərinin – Qaymaqlı və Aslanbəylinin sakinləri də istifadə edirdi. Hazırda isə anbarda su, demək olar ki, yoxdur.

Yerli sakinlər Əhməd Mamedov, Sərhəd Məmmədov, Ramiz Paşayev və digərləri ilə söhbət zamanı ermənilərin bu ekoloji terrorunun acı nəticələrindən danışaraq bildiriblər ki, düşmən çayın qabağını məqsədli şəkildə kəsib: “Anbarda su yoxdur, əkin-biçin zamanı suvarmada problemlərlə üzləşirik. Sağ olsun dövlətimiz, qazımızı, işığımızı təmin edib. Bu gün problemimiz, sadəcə, suvarma suyundadır. Kürdən su çəkilsə də, kifayət etmir”.

Qazax Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, anbara suyun toplanması ancaq İncəsu çayı vasitəsilə mümkündür. Həmin çay isə bədnam qonşuların nəzarətindədir. Yerli sakinlərin suvarma suyuna olan ehtiyacı hazırda İncə dərəsi istiqamətində Kür çayından götürülən su hesabına ödənilir. Bu isə 1553 hektar sahəni əhatə edir. Suvarma probleminin həlli ancaq Kür çayından yenidən, yeni nasos stansiyasının qurulması ilə mümkün olar. Bunun üçün də aidiyyəti qurumlara müraciət olunub.

Leave a Reply