Yeni tədris ilində təhsil ocaqları necə işləyəcək? – RƏSMİ MƏLUMAT

Yeni tədris ilinin başlanması ilə bağlı KİV nümayəndələri üçün brifinq keçirilib.

TIME bildirir ki, televiziyada canlı yayımlanan birifinqdə Təhsil Naziri Emin Əmrullayev, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu jurnalistləri maraqlandıran suallara cavab veriblər.

Təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərək qeyd edib ki, yeni tədris ilinin başlanması ilə bağlı Təhsil İnstutu və təhsil ekspertləri tərəfindən təkliflər hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunub.

“Təhsil bir neçə milyon insanın gün ərzində hərəkətini və ünsiyyətini təmin edir. Bu amil koronavirusa yoluxmaya təsir edən bir fakt kimi nəzərə alınmalıdır. Hansısa formada tədris bərpa edilməlidir, lakin epidemioloji vəziyyət nəzərə alaraq biz pandemiya şəraitinə uyğun düzgün qərar verməliyik”, deyə o qeyd edib.

E. Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülərək qərar verilməlidir.

“Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir. İbtidai siniflərin 15 sentyabr tarixdən həftədə 2-3 dəfə dərsə gəlməsini təklif edirik. 5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri 15 sentyabrdan onlayn qaydada başlayır. 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur. Valideynlərə övladlarının məktəbə gəlmə qaydası ilə bağlı seçim imkanı veriləcək. Valideynlər ya onlayn təhsili, ya da həftədə 2 və ya 3 dəfə məktəbə gələrək əyani təhsil almağı seçə biləcəklər”, – deyə tədris ilinin başlaması planını açıqlayıb.

İbtidai sinif uşaqları hamısı eyni gündə dərsə getməyəcək, sinifdə uşaq çox olduqda onlar iki qrupa bölünəcək və hər qrup üçün həftədə 2 və ya üç dərs günü təyin ediləcək.

“Övladının hansı gün dərsə gedəcəyi barədə məlumatı valideynlər dərslərin başlanmasından bir həftə öncə məktəbdən ala biləcəklər və məktəblər də öz növbəsində bu məlumatı valideynlərə çatdıracaq”, – deyə E. Əmrullayev qeyd edib.

O, həmçinin rayonda qeydiyyatda olan valideynlərə xəbərdarlıq edib ki, uşaqları Bakıda oxuduqları halda dərslərdə iştirakla bağlı problem olmayacaq, onlar onlayn formatda dərsə qoşula biləcəklər, istədikləri halda isə bir məktəbdən digər məktəbə köçürülmə prosesi adi qaydada davam edəcək və onlar məktəbi dəyişə biləcəklər.

Nazir bildirib ki, məktəbdə şagirdlərin bədən hərarəti yoxlanılacaq, valideynlərə uşaqda bədən hərarəti yüksək olduğu halda onu məktəbə gətirməmək tövsiyyə edilib.

Bu arada qeyd edilib ki, hər hansı məktəbdə kütləvi yoluxmalar qeydə alınsa, həmin məktəb üzrə təhsil onlayn qaydaya keçiriləcək. Uşaqların maska ilə təminatı valideynlərin üzərinə düşür.

E. Əmrullayevin sözlərinə görə, dünya praktikası göstərir ki, uşaqlarda koronavirusa yoluxma halları çox az qeydə alınır.

“ÜST-ün tövsiyyələrinə görə, 12 yaşdan aşağı uşaqlarda maskanın taxılması valideynlərin öz öhdəliyinə buraxılır. Ona görə də, təhsil müəssisələri açıldığı zaman uşaqların maska geyinməsi məsələsinə də öz valideynləri tərəfindən qərar veriləcək və nazirlik tərəfindən yalnız tövsiyyə olunacaq”.

Nazirin sözlərinə əsasən, valideynlər və müəllimlər daha çox risk qrupuna daxil olduqlarına görə, onların maska taxması mütləq ola bilər.

“Azərbaycanda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 38 faizini 50 yaşdan yuxarı olan müəllimlər təşkil edir. Bu müəllimlərin təhlükəsizliyini təmin etmək vacibdir. Bu baxımdan müəllimlər üçün maska taxılmasının məcburi olması daha gözləniləndir”, – deyə o xəbər verib.

Ali məktəblərdə tədris ilinin başlanması və keçirilməsi haqda bəhs edərək Emin Əmrullayev təhsilin sentyabrın 15-dən distant qaydada başlayacağını bildirib.

Nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ali məktəblərə gələ biləcəklər. Nazirin sözlərinə görə, 15 oktyabr tarixindən isə ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.

“Proses noyabrın 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq qərar qəbul ediləcək. Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əks halda distant təhsil davam edəcək”.

Müəllimlərin əmək haqlarının müəyyən edilməsi məsələsinə aydınlıq gətirmək üçün nazir bildirib ki, müəllimlərin əmək haqları dərsin keçirilmə formatından asılı olmayaraq dəyişməyəcək.

Operativ qərargaha özəl məktəblərə xaricdən müəllimlərin dəvət edilməsi ilə bağlı təkliflər daxil olduğu halda bu məsələnin baxılması nəzərdə tutulur.

“Bu cür müraciətlərə çox az rast gəlinir, onlar kütləvi hal daşımırlar, və təkliflər daxil olduğu zaman onları nəzərdən keçirərək müsbət cavablandırmaq olar”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma