Şadlıq evlərinin pandemiya dövründə fəaliyyəti mümkündürmü? – TƏKLİFLƏR

Şadlıq evlərinin fəaliyyəti ictimai iaşə və xidmət sektorunda kifayət qədər əhəmiyyətlidir. Şadlıq evlərinin fəaliyyətinin həm də məşğulluğun təmin edilməsi baxımından da təsirləri var.

TIME  Milli Məclisin deputatı Vüqar Bayramov Trend-ə verdiyi müsahibəsinə istinadən bildirir ki, deputat şadlıq evlərinin fəaliyyətinin yalnız həmin obyektlərdə deyil, digər sektorlarda çalışanların məşğulluğuna və dövriyyəsinə təsir etdiyini qeyd edib.

“Çünki şadlıq evlərinin fəaliyyəti ərzağa tələbat yaradır, eyni zamanda digər xidmət sektorlarında çalışanların əməyindən istifadə olunur. Nəzərə alsaq ki, pandemiyanın hələ nə zaman bitəcəyi bəlli deyil, yaxşı olardı ki, şadlıq evlərinin fəaliyyəti üçün meyarlar müəyyənləşsin və həmin meyarlar çərçivəsində şadlıq evlərinin fəaliyyətinə icazə verilsin.

Bu, mərhələli şəkildə, insanların sayı, şadlıq saraylarında masalar arasında məsafənin gözlənməsi, eləcə də digər meyarların müəyyənləşdirilməsi ilə mümkündür”.

Qeyd edək ki, Azərbaycanda əhali adət edilmiş ənənələrdən bir az kənara çıxmağa razılaşdığı halda şadlıq saraylarının işinin bərpası üçün mövcud olan məsafə meyarları (1,5-2 metr) və karantin qaydaları (təmassız görüşmək, səhhətlərində hər hansı nasazlıq hiss etdiklərində mərasimə gəlməmək), bir ailədən toya gələ biləcək insan sayının müəyyənləşdirilməsi, o qədər də böyük xərc tələb etməyən, kiçik ailəvi şadlıq mərasimlərinin iri zallarda keçirilməsi sağlamlığın təhlükəsizliyi nöqtə nəzərindən mümkündür.  Təbii ki, insanlar toylarda rəqs edərkən məsafə saxlasalar və hər ailəyə ayrıca bir masa ayrılarsa. Lakin burada şadlıq saraylarının üzərinə böyük bir məsuliyyət düşür: onlar həm şəxsi heyətlərinin, həm müştərilərinin, həmdə təqdim etdikləri yeməklərin və içkilərin tam olaraq təhlükəsizliyini təmin etməyə zamanət verməlidirlər.

Əlbəttə ki, bu 500-1000 və daha çox nəfərlik toy məclislərinin verdiyi effekti verməyəcək, lakin yaranmış vəziyyətdən çıxış yolu ola bilər. Gənclərimiz daha az xərclə yeni ailələr qura bilərlər, şadlıq sarayları isə topdan satış ticarət obyektlərinə, gözəllik salonlarına, geyim və aksessuar dükanlarına, mebel salonlarına, şou-biznes işçilərinə gəlir gətirməklə yanaşı, işlərini bərpa edərək gəlir əldə edə və hazırda minlərlə işsiz qalmış insana iş təklif edə bilərlər.  

Leave a Reply